UN-Habitat: Azərbaycan mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupunun birgə əlaqələndiricisi kimi mühüm rol oynayır VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Dünya Şəhərsalma Forumu (WUF) BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təxminən 20 il əvvəl maraqlı tərəfləri bir araya gətirmək məqsədilə yaradılıb. Bu il WUF13 mənzil məsələlərinə həsr olunub və bu sahə ötən il 105 üzv dövlət tərəfindən təsdiqlənmiş UN-Habitat strateji planında əsas prioritetlərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax bildirib.
Onun sözlərinə görə, Azərbaycan mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupunun birgə əlaqələndiricisi kimi mühüm rol oynayır: “Bu platformalar ölkələr arasında təcrübə və bilik mübadiləsini gücləndirərək qlobal mənzil böhranının həlli istiqamətində əməkdaşlığı genişləndirə bilər. Eyni zamanda, evsizlik, qeyri-formal yaşayış məntəqələri, məcburi köçkünlər, eləcə də münaqişə və fəlakətlərdən zərər çəkmiş əhali ilə bağlı problemlərin həlli üçün BMT sistemində daha koordinasiyalı fəaliyyətin gücləndirilməsi vacibdir”.