Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Bilirsiniz ki, hazırda texnologiyanın və süni intellektin sürətli inkişafı bir çox yeni çağırışlar ortaya çıxarır. Təbii ki, bu çağırışlara vaxtında cavablar tapılması və həll yollarının göstərilməsi zəruridir. Məhz bu baxımdan keçirilən belə konfranslar çox vacibdir. Bu, maraqlı tərəflərə bir araya gəlib mövcud problemləri müzakirə etmək və ümumi həll yolları tapmaq üçün əla imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin dekanı Abzətdin Adamov deyib.
Onun fikrincə, bu konfransın digər mühüm cəhəti onun 20 ildir ki, ABŞ-də yerləşən və dünyada çox tanınmış bir təşkilat -Elektrik və Elektronika Mühəndisləri İnstitutu tərəfindən dəstəklənməsidir. “500 minə yaxın üzvü olan bu institut qlobal miqyasda qəbul olunan əksər texnoloji standartların müəllifidir. Həmçinin sözügedən institut Azərbaycanda da fəal şəkildə təmsil olunur. Bu qurumun dəstəklədiyi mötəbər tədbirlərdən biri məhz bizim bu konfransımızdır.
Biz çox şadıq ki, bu gün ADA Universiteti olaraq bu konfransa ev sahibliyi edirik. Ümid edirik ki, bu tədbir həm ölkəmizin bu sahədəki tərəqqisinə, həm də universitetlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə professor bildirib.
Operator – Ceyhun Mustafayev