Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın süni intellekt sahəsində nə qədər irəli getdiyini gördüm. Bu, həqiqətən də çox yüksək səviyyəli konfransdır. Tədbirin açılış nitqini dövrümüzün ən böyük süni intellekt alimlərindən biri - Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun direktoru, professor Hüseyn Atakan Varol söyləyib.
O, Qazaxıstan və Azərbaycan, eləcə də digər türk dövlətləri arasında süni intellekt sahəsində birgə tədqiqat və layihələrin həyata keçirilməsini vacib hesab etdiyini bildirib.
“Bunun başlanğıcı Qazaxıstanda hazırladığımız böyük qazax dili modeli kimi bütün türk dillərini əhatə edəcək vahid modelin yaradılması ola bilər. Hazırda bu ölkələrdə sözügedən işi reallaşdırmaq üçün lazımi kadr potensialı var. Əsas məsələ universitetlərin, nazirliklərin və müvafiq qurumların bir araya gələrək bu istiqamətdə razılığa gəlməsi və sürətlə fəaliyyətə başlamasıdır. İnanıram ki, bu təşəbbüs bütün dövlətlər üçün böyük və uğurlu nəticələr verəcək. Əməkdaşlığın ən mühüm töhfəsi isə yüksəkixtisaslı insan kapitalının formalaşması olacaq”, - deyə Atakan Varol diqqətə çatdırıb.
Operator – Ceyhun Mustafayev