77-ci Kann kinofestivalı “İkinci akt” komediyası ilə açılacaq
Bakı, 5 aprel, AZƏRTAC
Ənənəvi 77-ci Kann kinofestivalı Kventin Düpenin müsabiqədənkənar nümayiş etdiriləcək “İkinci akt” komediyası ilə açılacaq. Filmin dünya premyerası festivalın müsabiqədənkənar proqramı çərçivəsində baş tutacaq. AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
Filmin süjetinə görə, Florens dəlicəsinə aşiq olduğu Devidi atası Giyyom ilə tanış etmək istəyir. Lakin Devid Florensi bəyənmir və onu dostu Villinin qucağına atmaq istəyir. Onların dördü də bu qəribə münasibətləri birlikdə həll etmək üçün əyalətin ortasındakı kiçik bir restoranda görüşür.
Baş rollarda Lui Qarrel, Vensan Lindon, Rafael Kenar çəkiliblər.
Qeyd edək ki, builki Kann Film Festivalının münsiflər heyətinin sədri Qreta Qerviqdir. O, jüri sədri vəzifəsini icra edən ilk qadın ABŞ rejissorudur. Bundan əlavə, 40 yaşlı Qerviq festivalın münsiflər heyətinin ən gənc sədrlərindən biridir.
Filmlərin nümayişi proqramı rəsmi olaraq yalnız aprelin ortalarında elan ediləcək, lakin mümkün iştirakçılar arasında Anya Teylor-Coy ilə “Furiosa: Dəli Maksın salnamələri” və Ancelina Colinin iştirakı ilə opera divası Mariya Kallas ("Mariya") haqqında bioqrafik film, eləcə də Frensis Ford Koppola tərəfindən lentə alınmış “Meqalopolis” var.