SİYASƏT
Dördüncü Qlobal Bakı Forumunun panel iclasında radikallaşmaya və miqrasiyaya “yox” deyildi VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Dördüncü Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Radikallaşma və miqrasiya qlobal təhlükəsizlik çağırışı kimi. Birgə fəaliyyətə necə nail olmalı?” mövzusunda keçirilib.
AZƏRTAC xəbər verir ki, panel iclasına Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya moderatorluq edib. O, böyük problemlərin olduğu bir vaxtda insanları sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, miqrasiya və radikallaşma məsələlərinin paralel şəkildə müzakirə edilməsi olduqca əhəmiyyətlidir.
Zlatko Laqumciya dünyada miqrantların qəbulu məsələsindəki ədalətsizlikdən söz açıb. Qeyd edilib ki, bu məsələdə ədalətsizlik hökm sürür. Belə ki, Türkiyədə 25 nəfərə, Avropada isə 100 nəfərə bir miqrant düşür. Bütün bu proseslərin bütövlükdə bir çərçivəyə salınmasının vacibliyini vurğulayan Bosniya və Herseqovinanın sabiq Baş naziri dünyanı bu məsələnin həllində ədalətli olmağa çağırıb.
Macarıstanın sabiq Baş naziri Peter Medeşi miqrasiya problemlərindən danışaraq bildirib ki, bu problemi ölkələrin daxili işlərinə siyasi müdaxilələr nəticəsində yaranmış qeyri-sabitlik və xaos meydana gətirir. O, miqrasiya prosesinin həllində mədəniyyətlərə və ənənələrə hörmət göstərilməsinin vacibliyini qeyd edib. Sabiq Baş nazir, eyni zamanda, məsələnin uzunmüddətli həlli yolunun tapılmasında iştirakçıların eyni masa ətrafına toplaşmasının əhəmiyyətindən danışıb. Peter Medeşi vurğulayıb ki, əvvəlcə müharibələrin qarşısı alınmalı, sabitlik bərpa edilməli, təhlükəsizlik tədbirləri həyata keçirilməli, sənaye istehsalı bərpa olunmalı, yeni institutlar yaradılmalıdır.
Moldovanın sabiq Prezidenti Petru Luçinski miqrasiya məsələsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etdiyini söyləyib. Bildirib ki, miqrant problemi getdikcə daha da pisləşir. O, cəmiyyətlərdə radikallaşma hallarının artdığını deyib. Bunun bir səbəbinin də miqrant axını olduğunu söyləyən Petru Luçinski radikalizmin qarşısını almaq üçün təsirli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Bu gün dünyanın daha təhlükəli olduğunu söyləyən İsrailin sabiq xarici işlər naziri Tsipi Livni bildirib ki, problemlərin həlli üçün bütün səylər sülhə yönəlməlidir. Bu gün dünyada baş verən mənfi hallar bəşəri dəyərlərə ziddir. O bildirib ki, insanlar sülh, əmin-amanlıq istəyirlər. Biz bu gün gözəl Bakıya, bu vacib Foruma məhz qloballaşan dünyada sülhü möhkəmləndirmək istəyi ilə gəlmişik.
Forumun dünyanı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu deyən Rumıniyanın sabiq Baş naziri Petre Roman dünyada gücdən istifadə edilməsinin yolverilməz olduğunu deyib. O, qlobal miqrasiya prosesinin həlli istiqamətində görüləcək tədbirlərdən danışıb. Bu məsələnin tezliklə həll edilməsinin vacibliyini qeyd edib.
Panel iclası işini müzakirələrlə davam etdirib.