CƏMİYYƏT


Beynəlxalq konfransın iştirakçıları Azərbaycanda həyata keçirilən ailə, qadın və uşaq siyasəti barədə məlumatlandırılıb

Bakı, 21 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

İyunun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova qonaqlara Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanda qadın siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Lakin komitə həm də uşaq problemləri ilə bağlı məsələlərlə məşğul olur. Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Hazırda Prezident İlham Əliyev Ulu Öndərin bu istiqamətdə siyasi xəttini uğurla davam etdirir. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı üçün önəmli layihələr həyata keçirir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika forumları keçirilir.

Diqqətə çatdırılıb ki, AQUPDK-nın bir çox dövlət qurumları, eləcə də Ombudsman Aparatı, həmçinin beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlığı qurulub və inkişaf etdirilir.

Görüşdə iştirak edən ombudsman Elmira Süleymanova bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir.

Elmira Süleymanova ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ölkəmizdə həyata keçirilən layihələrin önəmini qeyd edib, xüsusilə AQUPDK-nın bu istiqamətdə səmərəli fəaliyyətindən danışıb. O, Ombudsman İnstitutunun Dövlət Komitəsi ilə sıx əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Sonda qonaqların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.