REGİONLAR


Oğuzlu gənclər rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar

Oğuz, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirlər. Azərbaycanda gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ölkəmizdə yüksək intellektə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər ordusu formalaşır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun avqustun 19-da Oğuz rayon Bilik Evində ordudan tərxis olunmuş gənclərlə keçirdiyi “Ordudan sonrakı həyatımız” mövzusundakı görüşdə səsləndirilib.

Tədbirdə Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və qurumun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıblar. Vurğulanıb ki, məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünəinam hissi artıb. Gənclər və İdman Nazirliyinin yaradılması, ümumrespublika forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsi, gənclər siyasəti üzrə qəbul edilən normativ hüquqi aktlar gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizminin müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi ölkəmizdə gəncliyə diqqət və qayğının davamlı olduğunu bir daha təsdiqləyir.

Diqqətə çatdırılıb ki, hazırda paytaxt və bölgələrdə 250-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar gənc mütəxəssislərin işlə təminatına, onların sosial-iqtisadi problemlərinin həllinə, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı dövrdə Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etməyə səy göstərirlər. Bu cür dövlət tədbirlərinin məqsədi də gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək, insan kapitalının inkişafına dəstək verməkdir.

Bildirilib ki, Bilik Fondu yarandığı gündən Oğuz rayonu ilə sıx əməkdaşlıq edir. Ölkə üzrə ilk Bilik Evi məhz Oğuz rayonunda yaradılıb. Fond tərəfindən indiyədək 100-dən çox oğuzlu gənc üçün təlim kursları təşkil edilib.

İşgüzar şəraitdə keçən görüşdə gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, ətraflı fikir mübadiləsi aparılıb. Oğuzlu gənclərdən Fuad Əhədi, Qəhrəman Verdiyev və Kamil Mikayılov çıxış edərək, dövlətimizin başçısının gənclərə diqqət və qayğısına əməli işləri, bilik və bacarıqları ilə cavab verəcəklərini bildiriblər.

Bilik Fondu nümayəndələrinin həmin gün Oğuz şəhərində növbəti görüşü “Yuxarı məhəllə” sinaqoqunda olub. Görüşdə Fondun sektor müdiri Hacı Abdulla, sinaqoqun icma rəhbəri Şirin Şumilov, icma üzvü Teymur Natalinov çıxış edərək, ölkəmizdə dini, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıblar.

Fond adından sinaqoqa dini kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.