CƏMİYYƏT
ABŞ-da istehsal olunan bir sıra qida məhsullarında bakteriya aşkarlanıb
Bakı,13 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 2024-cü il mayın 10-u və iyulun 29-u istehsal tarixli 71 növ qida məhsulunun (istehlaka hazır heyvan və quş əti məhsulları) geri çağırılması barədə qərar elan edilib.
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına əsasən, ABŞ-ın 13 ştatında “Boar's Head Provisions Co” şirkəti tərəfindən istehsal olunan məhsulların “Listeria monocytogenes” bakteriyası ilə çirklənməsi nəticəsində 43 nəfərədək insanın xəstəliyə yoluxduğu müəyyənləşdirilib. Məlumatda, həmçinin bildirilir ki, xəstəliyə yoluxanlar hospitalizə olunub və onların arasında üç ölüm hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
“L.Monocytogenes” ilə çirklənmiş qidaların istehlakı, ilk növbədə, hamilə xanımlar, 65 və daha yuxarı yaşda və ya zəif immun sisteminə malik olanlara təsir edən ciddi infeksiya sayılan listerioz xəstəliyinə səbəb olur. Bəzi hallarda həmin risk qruplarından kənar şəxslər də infeksiyanın təsir dairəsinə düşür.
Qeyd edək ki, AQTA-nın apardığı araşdırmalar nəticəsində həmin məhsulların ölkəmizə idxal edilmədiyi müəyyənləşdirilib. Bununla yanaşı, Agentlik tərəfindən ABŞ-dan ölkəmizə idxal olunan bütün yüksək riskli qida məhsullarına nəzarət tədbirləri gücləndirilib. Ölkəmizə idxalı həyata keçirilən yüksək riskli qida məhsullarının istehsalçıları qüvvədə olan qanunvericiliyə əsasən təsdiq proseduruna cəlb olunur. Tərkibində bakteriya aşkarlanmış ABŞ istehsallı məhsullar haqqında ətraflı məlumatla aşağıda fayl və link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/storage/pages/9441/recall-023-2024-exp-product-information-sheet.pdf