ABŞ hərbçiləri “Baqram” aviabazasını Əfqanıstan hökumətinə təhvil verib
Bakı, 2 iyul, AZƏRTAC
ABŞ hərbçiləri Əfqanıstandakı “Baqram” aviabazasını hökumət qüvvələrinə təhvil verib.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir. Əfqanıstanda yerləşən ən böyük aviabazanın hökumət qüvvələrinə təhvil verilməsi 2,5-3,5 min amerikalı hərbçinin əksəriyyətinin oranı tərk etdiyi anlamına gəlir.
ABŞ hərbi kontingenti 20 ilə yaxındır ki, Kabil şəhərindən 60 kilometr məsafədə yerləşən “Baqram” aviabazasından aktiv istifadə edirdi.
Bu ərəfədə yerli KİV-lər Əfqanıstan Müdafiə naziri vəzifələrinin icraçısı Bismillah Məhəmmədi və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığının baş tutduğu barədə məlumat yayıb. Məlumata görə danışıq zamanı iki ölkə arasındakı strateji və hərbi əməkdaşlıq müzakirə edilib. ABŞ Müdafiə naziri ölkəsinin Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri ilə uzunmüddətli əməkdaşlığa sadiq qaldığını deyib. Bismillah Məhəmmədi isə öz növbəsində silahlı qüvvələrin maliyyələşməsi, təchizatı və təlimi sahəsində Əfqanıstan hökuməti ilə davamlı əməkdaşlığına görə ABŞ-a minnətdarlığını bildirib.
Qeyd edək ki, NATO aprelin 29-dan etibarən öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması prosesini sentyabrın 11-dək tamamlamağı planlaşdırır. Birləşmiş Ştatların əvvəlki administrasiyası isə “Taliban” hərəkatı ilə razılaşmaya əsasən, qoşunları mayın 1-nə qədər ölkədən çıxarmalı idi.