“Ağlabatan uyğunlaşdırılma” adlı yeni sosial layihə təqdim olunub
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı vətəndaş cəmiyyəti institutları üçün “Ağlabatan uyğunlaşdırılma” adlı yeni sosial layihə təqdim olunub.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizdə bu sahədə davamlı işlərin həyata keçirildiyini qeyd edib.
Bildirilib ki, ağlabatan uyğunlaşma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi deməkdir. Bunun üçün vebsaytlar, infrastruktur, iş mühiti, bankomatlar və ictimai nəqliyyat əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunlaşdırılır.
Yeni layihə də əlilliyi olan şəxslərin emas.sosial.gov.az saytı üzərindən bu və ya digər müəssisədə yaradılmış müyəssər şəraitdən istifadə imkanlarına yiyələnmələrinə xidmət edir. Tədbirdə layihənin əhəmiyyəti, ondan istifadə prosedurlarına dair fikir mübadiləsi aparılıb.