Ağstafada “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışı təşkil edilib
Ağstafa, 21 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman zalında intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunun 31 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandalar arasında keçirilən yarışın əsas məqsədi dövlətimizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri haqqında biliklərin artırılması, işğaldan azad olunmuş ərazilərimizin tarixi irsinin tanıdılması, regionun milli-mədəni dəyərlərinə marağın yüksəldilməsi olub.
İştirakçılar əvvəlcə qoruq ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirlib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov deyib ki, Azərbaycanın suveren dövlət kimi inkişaf yolu, siyasi sabitliyin qorunması və hüquqi dövlət quruculuğu xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa əsaslanır və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu ardıcıllıqla davam etdirilir.
Komandalar 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı, Azərbaycan Respublikasının Konstitusiyası, işğaldan azad edilmiş rayonlarda yerləşən abidələr və suverenliyə həsr olunmuş suallar üzrə yarışıblar. Suallar çətinlik dərəcəsinə görə 3 mərhələni əhatə edib. Yekunda Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin təmsil olunduğu “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin təmsil olunduğu “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızıl Hacılı” komandası isə 3-cü yerlərə layiq görülüblər.