Ağsuda dairə seçki komissiyalarının üzvləri və məntəqə sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilir
Ağsu, 24 avqust, Adil Ağayev, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə avqustun 24-də 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının inzibati binasının iclas zalında dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, kurslara 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının 9 üzvü və 56 məntəqə seçki komissiyasının sədrləri cəlb olunub.
Kursların ilk günü iştirakçılara “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” və “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzuları tədris olunub. Mövzular müvafiq olaraq Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov və Ağsu Rayon Məhkəməsinin hakimi Tahir İsmayılov tərəfindən tədris edilib.
Daha sonra dairə seçki komissiyasının sədri Azad Dursunəliyevin iştirakı ilə seçici siyahıları və iş qaydası mövzusunda seminar keçirilib.
Avqustun 24-də 57 saylı Kürdəmir, 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 92 saylı Zərdab-Ucar, 91 saylı Ucar seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq kurslar başlayıb.