Aktauda böyük Novruz şənliyi keçirilmişdir
Aktau, 27 mart (AZƏRTAC). Qazaxıstanın Məngistay vilayətinin təşəbbüsü ilə Aktauda keçirilən böyük Novruz şənliyində Azərbaycanın bu şəhərdəki baş konsulluğu və Məngistay vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) yaxından iştirak etmişlər.
Mərasimdə Məngistay vilayətinin akimi Alik Aydarbaev və Aktau şəhərinin akimi Edil Janbırşin Novruz şənliyinə toplaşanları təbrik etmiş, bu bayramın bütün türkdilli xalqların əziz bayramı olduğunu bildirmişlər.
Azərbaycan guşəsində Novruz süfrəsi açılmış, qonaqlara plov, dolma, balıq və toyuq ləvəngisi, şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar təqdim olunmuşdur.
AMM-nin “Qarabağ” mahnı və rəqs ansamblı və “Azəri” rəqs qrupu milli rəqslərimizi, xalq və bəstəkar mahnılarımızı ifa etmişlər.
Tədbir iştirakçıları Azərbaycan pavilyonuna gələrək Novruz şirniyyatlarının dadına baxmış, musiqi nömrələrinə tamaşa etmişlər. Onlar Azərbaycan guşəsində Novruz şənliyinin yüksək səviyyədə təşkil olunduğunu bildirmişlər.
Konsul Elxan Zeynalov demişdir ki, Azərbaycan tərəfi vilayət və şəhər akimliyi tərəfindən artıq dördüncü dəfədir ki, təşkil olunan tədbirdə iştirak edir və xüsusi fəallıq göstərir. Baş konsulluğun belə tədbirlərdə iştirakı şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau