AKTAUDA XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
Aktau, 26 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı Baş konsulluğu şəhərin RENEISSANSE-Aktau hotelində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir. Tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin rəhbərliyi, Manqistau vilayətinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, şəhər ictimaiyyətinin və digər diaspor təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasim keçirilən salonda Xocalı soyqırımı faciəsini əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir.
Tədbirin əvvəlində Xocalı soyqırımının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və ruhlarına dualar oxunmuşdur.
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov 18 il əvvəl Ermənistanın silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalının dinc əhalisinə qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat vermiş, bu qanlı faciənin, ermənilərin 200 il ərzində xalqımıza qarşı apardığı məkrli soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirmişdir.
Rəşad Məmmədov Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada “Xocalıya ədalət” kampaniyası keçirildiyi barədə məlumat vermiş, Xocalı soyqırımına dünya dövlətləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verən baş konsul Ermənistan tərəfinin münaqişənin həllində tutduğu qeyri-konstruktiv mövqeyi də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Manqistau vilayətindəki “Dostluq” Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, sədrin müavini Bəxtiyar Məsimov Aktau şəhərinin fəxri sakini, soydaşımız Cəmil Həbibov çıxış edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımını insanlığa qarşı törədilmiş qanlı cinayət kimi qiymətləndirmişlər.
Sonra Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmiş, ehsan verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
######
