Alesya Nikitina: Biz həmkar turoperatorlarla işgüzar görüşlər keçirmək istəyirik
Bakı, 5 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). Bu il biz ilk dəfə Azərbaycan bazarına çıxmağı qərara aldıq. Bura gəlişimizin əsas səbəbi ondan ibarətdir ki, son iki ildə biz azərbaycanlı turoperatorlardan otel otaqlarının rezervasiyasına dair bir neçə sifariş aldıq və başa düşdük ki, onların əsas problemi bizim ecazkar ölkələrdə turizm imkanları barədə məlumatlı olmamalarıdır.
Bu sözləri XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçısı, “WildTrek Safaries” şirkətinin marketinq üzrə direktoru Alesya Nikitina AZƏRTAC-a müsahibəsində demişdir.
O qeyd etmişdir ki, biz Şərqi Afrika ərazisində turistlər üçün xidmətlərin tam spektrini təklif edirik. Artıq 30 ildən çoxdur ki, bu bazarda fəaliyyət göstəririk və 1998-ci ildən etibarən MDB ölkələrində nümayəndəliklər açmağa başlamışıq.
Ümid edirik ki, turoperatorlar bizi bu sərgidə tapacaq və biz onları turizm məhsulumuzla tanış edərək, onu lazımı qaydada satmağı öyrədəcəyik. Biz gələcəkdə inkişaf etdirmək niyyətində olduğumuz perspektivli əməkdaşlığa dair böyük ümidlərimizi bu sərgi ilə bağlamışıq. Hesab edirəm ki, sərgi bunun üçün münasib imkanlar yaradır.