ALMAN-AZƏRBAYCAN HƏMRƏYLİK CƏMİYYƏTİNDƏ GÖRÜŞ
Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Həmrəylik Cəmiyyətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, cəmiyyətin Berlin şəhərində yerləşən mərkəzində Azərbaycanın bu ölkədəki səfiri Pərviz Şahbazovla görüş keçirilmişdir.
Bu ilin martında təsis edilən və may ayında Berlin şəhər məhkəməsində müvafiq qeydiyyatdan keçmiş cəmiyyətin sədri İsmayıl Əmikişiyev Azərbaycan rəhbərliyinin diaspor quruculuğuna dövlət qayğısından, cəmiyyətin fəaliyyətə başladığı vaxtdan bəri görülmüş işlərdən, nəzərdə tutulan tədbirlərdən danışmışdır.
Səfir Pərviz Şahbazov öz çıxışında Azərbaycanın uğurlu daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi, ölkəmizin son illərdəki nailiyyətləri, neft strategiyası, xaricdə Azərbaycan lobbiçiliyinin təşəkkülü, Almaniya və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Səfir oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri, ölkə vətəndaşlarının hüquq və vəzifələri barədə danışmış, soydaşlarımızı Azərbaycanın Almaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsinə gələrək, seçkilərdə fəal iştirak etməyə çağırmışdır.
Sonra diplomat cəmiyyət üzvlərini maraqlandıran suallara cavab vermişdir.
Görüşdə cəmiyyətin nəzdində həftədə bir və ya iki dəfə Azərbaycan dili və azərbaycanşünaslıq kurslarının təşkil edilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Cəmiyyətə Azərbaycanla bağlı kitablar hədiyyə edilmişdir.