Almaniya sakinlərinin hər dörd nəfərindən biri mənşəcə miqrantdır
Berlin, 29 iyul, AZƏRTAC
Almaniyanın Federal Statistika İdarəsi ölkənin demoqrafik mənzərəsində baş vermiş dəyişikliklərin dinamikası barədə hesabat dərc edib.
AZƏRTAC xəbər verir ki, sənəd maraqlı faktları üzə çıxarıb. Belə məlum olub ki, ölkə vətəndaşlarının orta hesabla hər dörd nəfərindən biri miqrant mənşəlidir. Hələ ötən il burada yaşayan 21,2 milyon nəfər doğulduqları zaman digər dövlətin vətəndaşları olanlar idi.
Almaniyada yaşayan əhalinin 65 faizi Avropa, 22 faizi Asiya, 5 faizi Afrika ölkələrindən, 3 faizi Amerika və Avstraliyadan olan miqrant köklərə malik insanlardır. Almaniyada əslən Türkiyədən (13 faiz), Polşadan (11 faiz) və Rusiyadan (7 faiz) olan vətəndaşların sayı daha çoxdur.
Tədqiqatın aparıldığı dövrdə Almaniyanın miqrant köklərə malik əhalisinin 50 faizi artıq AFR vətəndaşlığına sahib olub, digərləri hələ də arzuladıqları pasportu gözləyirdilər.
Cəmi bir il ərzində Almaniyanın mənşəcə miqrant olan sakinlərinin sayı 2,1 faiz artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin