Almaniyada dəmir yolu qəzası baş verib
Berlin, 6 dekabr, AZƏRTAC
Çərşənbə axşamı Düsseldorfda (Almaniyanın qərbində) sərnişin və yük qatarlarının toqquşması nəticəsində 47 nəfər zərər çəkib. Yerli xilasedicilərin məlumatına görə, 41 nəfər yüngül, 3 nəfər orta ağır, 3 nəfər isə ciddi xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, içərisində təxminən 150 nəfərin olduğu sərnişin qatarı Dillingendən Rotterdama getməli olan, lakin hələlik məlum olmayan səbəbdən hərəkətini dayandıran yük qatarına çırpılıb. Qırılmış və asılı vəziyyətdə qalan birləşdirici məftillər sərnişinlərin qatardan çıxarılması əməliyyatına maneçilik törədir.
Hadisə yerli vaxtla saat 19.30 radələrində Merbuş-Osterat stansiyasının yaxınlığında baş verib. Rayne və Krefeld şəhərlərarası sərnişin qatarı ölkənin ən iri dəmir yolu konserni sayılan “Deutsche Bahn”a deyil, özəl “National Express” daşıyıcısına məxsusdur. Şirkət yüksək texniki səviyyəli ən müasir qatarlardan istifadə etdiyini bəyan edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin