AMERİKA HÜQUQŞÜNASLARININ QƏRARI BELƏDİR: DNESTRYANI BÖLGƏNİN ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HÜQUQU YOXDUR
Məruzə müəllifləri sənədi Kişinyovda keçirilən beynəlxalq konfrans çərçivəsində təqdim etmişlər. Amerika hüquqşünasları digər dondurulmuş münaqişələrin xarakterini nəzərə almaqla, beynəlxalq hüquq nöqteyi-nəzərindən göstərmişlər ki, Dnestryanı bölgənin öz müqəddəratını təyin etmək hüququ yoxdur.
Hökumətin bəyəndiyi Fəaliyyət Planında bir sıra tədbirlər nəzərdə tutulur. Həmin tədbirləri Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyi, habelə Reinteqrasiya Nazirliyi, digər dövlət qurumları bu ilin axırınadək həyata keçirməlidirlər.
Planda payızda Brüsseldə Dnestryanı münaqişənin həllinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Moldova Dnestryanı problemin həlli məsələsinə dair parlament dinləmələrinin keçirilməsi xahişi ilə sentyabr-oktyabr aylarında Avropa İttifaqı ölkələrinin parlamentlərinə və ABŞ Konqresinə müraciət edəcəkdir. GUAM ölkələri Qara dəniz və Xəzər dənizi regionlarında münaqişələrin müzakirəsi ilə əlaqədar əlavə bəndin BMT Baş Məclisi (BM) sessiyasının gündəliyinə salınması təklifi ilə BM-in sədrinə və Baş Komitəyə müraciət edəcəklər.
Moldova hökumətinin Fəaliyyət Planında deyilir: “Hökumət ölkə daxilində diskussiyaları, habelə Nyu-York Vəkillər Kollegiyasının məruzəsinin vətəndaş cəmiyyəti çərçivəsində öyrənilməsini stimullaşdıracaq və dəstəkləyəcəkdir. Məruzə ölkənin elmi dairələrində də müzakirə olunacaqdır”.