AMSTERDAMDA BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN II QURULTAYI KEÇİRİLMİŞDİR
Amsterdam, 10 mart ( AZƏRTAC ). Martın 7-də Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ll qurultayı keçirilmişdir.
Qurultay Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlamış, konqresin ikiillik fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Konqresin sədri Sahil Qasımov rəhbərlik etdiyi qurumun hesabat məruzəsi ilə çıxış etmişdir. O, iki il əvvəl bu konqresi yaradarkən çox gözəl model fikirləşdiklərini, bu modelin ilk dəfə olaraq Benilüks məkanında- Belçika, Niderland və Lüksemburqda yaşayan Azərbaycan diaspor təşkilatlarını birləşdirməyə çalışdıqlarını bəyan etmiş, həmin dövrdə bütün təşkilatları birləşdirmək mümkün olmasa da, 15 qurumun konqresə qoşulduğunu, beləliklə Benilüks Azərbaycanlıları Konqresinin yarandığını diqqətə çəkmişdir. Yenicə kövrək addımlarını atmağa başlamış BAK təkcə Azərbaycan cəmiyyətlərini deyil, eyni zamanda türk icmalarını və türk dünyasının digər təşkilatlarını da öz ətrafında toplaya bilmişdir.
Konrqres tərəfindən 2007-ci ilin fevralında Xocalı faciəsinin ildönümü ilə bağlı Brüsseldə Avropa İttifaqının yerləşdiyi binanın qarşısında izdihamlı mitinq təşkil edilmiş, Xocalı soyqırımına siyasi qiymət verilməsinə dair bəyanat İttifaqın sədrinə təqdim olunmuş, sonra Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilmiş, işğal olunmuş ərazilərin tezliklə azad edilməsi barədə tələb səfirliyə verilmişdir. Həmin tədbiri 30-dan artıq yerli və xarici kütləvi informasiya vasitəsi bütün dünyaya yaymışdır.
Konqresin fəaliyyətinin ən yaddaqalan hadisələrindən biri ana dilinin təbliği ilə əlaqədar Amsterdamda və Rotterdamda həftəsonu məktəblərinin açılışı olmuşdur. Xarici ölkələrdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə hərtərəfli yardım göstərən Heydər Əliyev Fondu həmin məktəbləri dərslik və ləvazimatla təmin etmişdir. Bu gün həmin məktəblər fəaliyyətlərini uğurla davam etdirirlər.
S. Qasımov ölkənin Utrext şəhərində keçirilmiş beynəlxalq turizm sərgisində Azərbaycanın konqresin bilavasitə təşkilatçılığı sayəsində yüksək səviyyədə təmsil olunduğunu xatırlatmış, Azərbaycanın zəngin mətbəx nümunələrinin, musiqisinin və rəqslərinin iştirakçıların böyük marağına səbəb olduğunu qeyd etmişdir.
Konqres yerli əhali arasında Azərbaycan həqiqətlərinə maraq oyatmaq məqsədi ilə rəngarəng tədbirlər həyata keçirməklə yanaşı, televiziya və mətbuatda ölkəmiz barədə getmiş yanlış məlumatlara dəfələrlə sərt münasibət bildirmiş, onları təkzib verməyə məcbur etmişdir. Bildirilmişdir ki, BAK -ın yaxşı təməl üzərində qurulması onun gələcəkdə yeni uğurlar qazanacağına böyük inam yaradır.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının ölkəmizin tanınması istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırmış, bu sahədə BAK-ın fəaliyyətini yüksək qiymətləndirmiş, konqresin praktik cəhətdən konkret istiqamətdə-ikitərəfli əlaqələrin yaranmasında və inkişaf etdirilməsində əhəmiyyətli işlər gördüyünü bildirmiş, Niderlandda Azərbaycan diasporunun təşkilatlanması istiqamətində ciddi addımlar atıldığını, bu sahədə BAK-ın xüsusi rol oynadığını vurğulamışdır.
BAK Azərbaycanı Niderlandda tanıtmaq istiqamətində digər Azərbaycan cəmiyyətləri və türk icmaları ilə birlikdə bir-birindən maraqlı və yaddaqalan tədbirlər həyata keçirmişdir. Buna misal olaraq Xocalı faciəsi ilə bağlı keçirilmiş etiraz aksiyalarını, nümayişləri misal gətirmək olar. Bu və digər tədbirlərdə Vətənini və xalqını sevən bütün azərbaycanlılar, onlara daim dəstək verən türk qardaşlarımız birlik nümayiş etdirirlər.
Azərbaycan həqiqətlərini nəinki Niderlandda, həmçinin bütün Avropada tanıtmaq sahəsində diaspor təşkilatlarının birliyinin vacibliyini vurğulayan səfir, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası, parlamentə seçilmək, müxtəlif təşkilatlarda təmsil olunmaq və onlarda Azərbaycan maraqlarının həyata keçirilməsi arzusunu ifadə etmiş, Azərbaycan diapor təşkilatlarının digər ölkələrin diaspor qurumları ilə əlaqələr yaratmalarının əhəmiyyətini diqqətə çəkmişdir. Bildirmişdir ki, Azərbaycan xalqının digər xalqlar ilə əməkdaşlıqda maraqlı olduğunu göstərmək lazımdır. Bunun ümumi işimiz üçün - Azərbaycanın hər yerdə tanınmasında böyük əhəmiyyəti olacaqdır. Azərbaycan xalqı hamı ilə əməkdaşlıq etməyə hazırdır.
Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun sədri, Milli Məclisin deputatı Elmira Axundova xarici ölkələrdə yaşayan azərbaycanlıları öz doğma Vətənləri ətrafında sıx birləşdirmək məqsədi ilə ulu öndərimiz Heydər Əliyevin diasporların yaradılmasına xüsusi önəm verməsindən söz açmış, ümummilli liderin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsində xüsusi xidmətini xatırlatmışdır. Deputat qeyd etmişdir ki, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev xarici ölkələrə səfərlərində soydaşlarımızla görüşür, onları diqqətlə dinləyir və faydalı məsləhətlər verirdi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların fəaliyyətini istiqamətləndirmək üçün Heydər Əliyevin göstərişi ilə ölkəmizdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, bundan sonra diasporumuzun fəal və sürətli təşkilatlanma prosesi başlamışdır.
Hazırda bir çox ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları arasında BAK-ın öz yeri vardır. Qurum cəmi iki əvvəl yaranmasına baxmayaraq, Avropada, eləcə də Benilüks məkanında Azərbaycan həqiqətlərini tanıtmaq sahəsində çoxlu maraqlı və faydalı tədbirlər keçirmişdir.
BAK Benilüks ölkələrində yaşayan ictimai baxışlarından, siyasi əqidəsindən asılı olmayaraq sağlam, işgüzar qüvvələri öz ətrafında toplaya bilmiş və onların səylərini bir məcraya yönəltmişdir. Bütün dünyada, habelə Benilüks ölkələrində yaşayan azərbaycanlıların bir amalı olmalıdır. Hamılıqla doğma Vətənimizin, müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, ölkəmizin daha da qüdrətli olmasına, xaricdə, xüsusən Avropada tanınmasına, ümumilikdə, Azərbaycanın dünya miqyasında müsbət imicinin formalaşmasına çalışmalıyıq.
Sevindirici haldır ki, Avropada məskunlaşmış azərbaycanlılar yaşadıqları ölkələrin ictimai həyatına inteqrasiya olunur. Arzumuz budur ki, onlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi strukturlarında daha fəal iştirak etsinlər, yerli özünüidarəetmə orqanlarında, parlamentlərdə və digər təşkilatlarda təmsil olunsunlar. Onlar ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, 20 Yanvar və Xocalı faciələri barədə avropalılara dolğun və ətraflı məlumatlar çatdırmalı, düşmənlərimizə layiqli cavab verməyə hazır olmalıdırlar.
Azərbaycan-Niderland Parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Adil Əliyev çıxışında qeyd etmişdir ki, bu gün ölkəmizin hüdudlarından min kilometrlərlə uzaqda bu qədər azərbaycanlının bir araya gəlməsi çox sevindirici haldır. BAK-ın balaca soydaşlarımızın soy köklərindən uzaq düşməmələri, ana dillərini unutmamaları üçün Amsterdam və Rotterdamda həftəsonu məktəblərini açması diqqətəlayiq hadisədir.
Bu gün qloballaşan dünyada, bir çox xalqların öz adət- ənənələrindən, dillərindən uzaq düşməsi artıq günün reallığına çevrilmişdir. Vətənlərini tərk edərək başqa ölkələrdə məskunlaşmış insanlar əvvəlcə doğma dillərini, tarixi köklərini, nəhayət adət-ənənələrini unudurlar. Amma azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, Vətəninə, xalqına, keçmişinə həmişə bağlı olmuşlar. Biz qurultayla əlaqədar zala toplaşmış çoxsaylı soydaşımızın timsalında bunun bir daha şahidi olduq.
Soydaşlarımız harada məskunlaşmalarından asılı olmayaraq doğma Azərbaycanı ana Vətən saymalı, öz ölkəsinə, xalqına, Prezidentinə güvənməlidir. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırılması işində sizlərə inanır. Hər birimiz xalqımızın haqq işinin beynəlxalq ictimaiyyətə daha geniş miqyasda, daha dolğun və dürüst çatdırılmasına səy göstərməliyik. Bu gün qəddar və amansız düşmənə qarşı mübarizə aparmaq üçün azərbaycanlılara birlik və həmrəylik hər zamankından daha artıq vacibdir.
Biz deputatlar xaricdə yaşayan soydaşlarımızla hər zaman birlikdə olmaqdan daim qürür hissi duyur, sizlərlə birlikdə xalqımız, dövlətimiz naminə bir çox nailiyyətlərə nail olmağa çalışırıq. Bunun üçün hər cür imkanlarımız vardır. Fürsətdən istifadə edərək sizləri bir daha həmrəyliyə, beşiyimiz olan doğma Vətənimiz ətrafında sıx birləşməyə çağırıram.
Diaspor ilə İş üzrə Dövlət Komitəsi Qərbi Avropa idarəsinin rəisi İlham Məmmədov BAK-ın Azərbaycanı Benilüks ölkələrində tanıtmaq istiqamətindəki fəaliyyətinə yüksək qiymət vermiş, vaxtilə xarici ölkələrdə baxışlarından asılı olmayaraq soydaşlarımızı öz sıralarında birləşdirən bir təşkilatın yaranmasını arzuladığını, BAK-ın yaranması ilə bu üç ölkədə yaşayan azərbaycanlıların bir qurumda birləşmək imkanını əldə etməsini mühüm hadisə adlandırmışdır.
Niderland krallığında Azərbaycanın müxtəlif təşkilatları ölkə naminə çiyin-çiyinə fəaliyyət göstərirlər. Dövlət Komitəsi Niderlanddakı Azərbaycan diasporlarını, xüsusilə BAK-ın işini yüksək dəyərləndiir və ümid edir ki, bundan sonra da BAK, eləcə də müstəqil fəaliyyət göstərən digər təşkilatlar əldə edilmiş nailiyyətlərlə kifayətlənməyəcək, Azərbaycanı tanıtmaq, onu təbliğ etmək yolunda daha intensiv çalışacaqlar.
Niderland parlamentinin üzvləri Songul Akkaya və Koksal Gor, Xristian Partiyasının nümayəndəsi Osman Almacı, Avropa Türk Demokratlar Birliyinin baş katibi Əhməd Suat Ari, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və BAK-ın idarə heyətinin üzvü Musa Pünhan ulu öndərimiz Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırlatmış, düzgün siyasəti, qlobal layihələrdə iştirakı nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuz və imicinin yüksəldiyini diqqətə çatdırmışlar.
Çıxış edənlər Azərbaycan və türk xalqlarının dostluq əlaqələrindən söz açmış, neçə illərdən bəri Avropa ölkələrində məskunlaşmış türk icmalarının işini istiqamətləndirmək məqsədi ilə bu günədək Türkiyədə diaspor nazirliyinin yaradılmadığını, amma uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılmasının xüsusi əhəmiyyətini, bu işin ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamışlar. Benilüks ölkələrindəki azərbaycanlıların, xüsusilə BAK və onun sədri Sahil Qasımovun fəaliyyəti diqqətə çəkilmiş, Azərbaycan və türk icmalarının bir yerdə olması yüksək qiymətləndirilmiş və gənclərimizin idman sahəsindəki uğurlarından danışılmışdır.
Sahil Qasımov rəhbərlik etdiyi quruma əməli kömək göstərdiklərinə görə BAK tərəfindən mükafatlandırılmış şəxsləri elan etmişdir. Azərbaycanın milli dəyərlərini, tariximizin və zəngin mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində apardığı məqsədyönlü və uğurlu fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva BAK tərəfindən təsis edilmiş və səkkizguşəli ulduzun təsvir olunduğu ən yüksək mükafata, Disapor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Fuad İsgəndərov, Milli Məclisin deputatları Elmira Axundova və Adil Əliyev birinci dərəcəli mükafatlara layiq görülmüşlər.
Tədbirdə Amsterdam meriyasının, Eyndhoven şəhər bələdiyyəsinin, Brabant əyaləti rəhbərliyinin və senator Joyse Slivesterin qurultaya ünvanladıqları təbrik məktubları oxunmuşdur.
Qurultayda təşkilati məsələlərə də baxılmışdır.
Səsvermə yolu ilə 12 nəfərdən ibarət BAK idarə heyətinin üzvləri seçilmişdir. İdarə heyətinin ilk iclasında Elsevər Məmmədov sədr, Sahil Qasımov isə fəxri sədr seçilmişlər.
Qardaş Ukrayna, Qazaxıstan və Gürcüstanın Niderland Krallığındakı səfirləri, Almaniya, Fransa, Rumıniya və Böyük Britaniyadakı, habelə Benilüks məkanındakı Azərbaycan və türk icmalarının təmsilçiləri, Niderlandda yaşayan soydaşlarımız qurultayın işində iştirak etmişlər.
Sonda Amsterdam və Rotterdamdakı həftəsonu məktəblərinin şagirdləri Azərbaycan şairlərinin şeirlərini ifa etmiş, kiçik səhnəciklər göstərmişlər. Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam
######
