Aprelin 28-29-da Bakıda Beynəlxalq Forum keçiriləcəkdir

Bakı, 15 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində aprelin 28-29-da Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, Qırğızıstan və İsrail daxil olmaqla 32 ölkənin sabiq dövlət və hökumət başçılarının, o cümlədən Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin iştirakı gözlənilir.
Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilmişdir. Forum çərçivəsində daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, habelə davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında geniş müzakirələrin aparılması planlaşdırılır.
Açıq Cəmiyyətlərin mürəkkəb situasiyalarda münaqişələrin həllinə dair müzakirələrdə isə məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə fikir mübadiləsi aparacaqlar.
II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilmişdir.