Aprelin 3-dən 5-dək Bakıda “AITF 2014” sərgisi keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 3-dən 5-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF 2014”) keçiriləcəkdir.
“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə “Xaricdə daşınmaz əmlak” və “Tibbi turizm” sektorlarını Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprdən olan şirkətlər, aparıcı klinikalar təmsil edəcəklər.
Argentinanın, Çinin, Dominikanın, Keniyanın, Uqandanın, Tanzaniyanın, Şri-Lankanın, CAR-ın, Mavrikinin, Zaqrebin (Xorvatiya), Soçinin (Krasnodar diyarı) turizm idarələri sərgidə yeni istiqamətlər və milli qruplar sırasına qoşulmuşlar.
Eyni zamanda, Hindistanın, Yunanıstanın, Malayziyanın milli turizm idarələri, İtaliya üzrə iri turoperator - “DMC” şirkəti “AITF 2014” sərgisində yenidən iştirak edəcəklər. Ümumiyyətlə, sərgidə 38 ölkədən 300-ə yaxın şirkət və 80-dən çox turizm istiqaməti əhatə olunacaqdır.
Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Bolqarıstan, Mərakeş, Dominikan, Argentina, Hindistan, Mavriki, Türkiyə, Sloveniya, Yunanıstan, Rusiya, Xorvatiya, Misir, Çexiya, Tailand, Çin milli və regional ekspozisiyalar cərgəsində stendlərini quracaqlar.
“AITF 2014” sərgisində Azərbaycanın 22 regionundan 60-dan çox mehmanxana da öz xidmətlərini təklif edəcəkdir.