AQTA informasiya sistemlərini bütünlüklə “Hökumət buludu”na köçürüb
Bakı, 6 aprel, AZƏRTAC
İnformasiya sistemləri və ehtiyatlarını “AzInTelecom” MMC-yə məxsus “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olub.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidmətini əldə edib. AQTA informasiya sistemlərini tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Eyni zamanda, agentlik məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə “AzInTelecom” AQTA mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.