AQTA-nın əməkdaşları bitki spred yağının kərə yağı kimi qablaşdırıldığı anbarı aşkarlayıblar
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.
AQTA-dan AZƏRTAC-a bildiriblər ki, aparılan monitorinqlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirilib. Reyd zamanı “LV Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Natiq Yaqubov tərəfindən 800 qram və 1 kiloqramlıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkarlanıb. Eyni zamanda, yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.
Anbarda xammal kimi 670 kiloqram, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kiloqram yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki-yağ spredlərinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağı adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.