CƏMİYYƏT
AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətləri qəbul edir
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün elan olunan növbəti, su nümunəsində codluq, xloridlər, konduktivlik və pH parametrlərinin müayinəsi üzrə səriştəlilik sınağı ilə bağlı müraciətləri avqustun 31-dək qəbul edir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür.
Saytda yaradılan “Səriştəlilik sınaqları” bölməsində səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etmək üçün saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq [email protected] elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr həmin standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə həmin qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.