Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 10 sm azalma qeydə alinib
Bakı, 5 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-150 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 461 sm, Şirvanda 365 sm, Salyanda 323 sm, Bankədə 236 sm, Araz çayının Novruzlu məntəqəsində isə 200 sm təşkil edir.