“ARB Günəş” Azərbaycan layla mədəniyyətini təbliğ edən yeni layihə hazırlayıb VİDEO
Xaçmaz, 27 iyul, AZƏRTAC
Ölkənin ilk ixtisaslaşmış uşaq kanalı “ARB Günəş” milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi layihələr sırasına daha bir ekran işini əlavə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi görkəmli bəstəkar Şəfiqə Axundovaya məxsus olan "Laylay" adlı yeni musiqi layihəsinin ifaçıları Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardır.
Layihənin əsas məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Ekran işi tamaşaçılara Azərbaycan ailəsinin sevgisini, ana nəvazişini, nənə duasını və milli-mənəvi dəyərləri aşılayır.
Layihənin çəkilişlər Şəki şəhərində aparılıb. Klipdə şəhərin tarixi küçələri, memarlıq inciləri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də füsunkar təbiəti mahnının emosional ovqatı ilə ahəng təşkil edir.
Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri Məhsim Məhsimovdur.
Müxbir – Elxan Yusifli