Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO
Xankəndi, 18 iyun, AZƏRTAC
Qarabağ Universitetində tələbələrin musiqi zövqünün formalaşdırılmasına xüsusi diqqət yetirilir. Zövqlü musiqiçi yetişdirmək üçün tələbə ilk növbədə keyfiyyətli və peşəkar musiqi nümunələrini dinləməlidir. Bu səbəbdən mütəmadi olaraq həm sinif, həm də müəllif konsertləri təşkil edilir.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli deyib.
O diqqətə çatdırıb ki, universitetdə konsert silsiləsi davamlı xarakter daşıyır və bu tədbirlər tələbələrin peşəkar inkişafına böyük töhfə verir.
“Çalışırıq ki, tələbələr bu konsertlərdə yalnız tamaşaçı kimi deyil, ifaçı kimi də iştirak etsinlər. Çünki səhnə təcrübəsini yalnız sinifdə məşq etməklə qazanmaq mümkün deyil. Tələbə səhnəyə çıxıb auditoriya qarşısında çıxış etdikcə səhnə mədəniyyəti, ifa bacarığı və özünəinamı formalaşır.
Eyni zamanda onların musiqi dünyagörüşünü zənginləşdirmək məqsədilə klassik musiqi nümunələrinin dinlənilməsinə də xüsusi önəm verilir. Bu yanaşma gələcək musiqiçilərin həm estetik zövqünün, həm də peşəkar ifaçılıq keyfiyyətlərinin inkişafına xidmət edir”,-deyə A.Növrəsli əlavə edib.