SİYASƏT
Astanada Azərbaycan diasporunun üzvləri ilə görüş
Astana, 24 noyabr (AZƏRTAC). Astanada keçirilən türk dünyası ədəbi jurnallarının 5-ci konqresində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Qazaxıstanın paytaxtındakı diasporumuzun üzvləri ilə görüşmüşdür.
Görüşdə konqresdə iştirak edən Türkiyə, Şimali Kipr, Ukraynanın Krım Muxtar Respublikası, Rusiyanın Tatarıstan, Başqırdıstan vilayətlərindən gəlmiş nümayəndələr də iştirak etmişlər.
Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının (AMMİ) sədri Vidadi Salahov salona toplaşanları salamlamış, Xalq Yazıçısı Anarı “Türk dünyasının 2012-ci ilin ədəbiyyat adamı” adı alması münasibətilə təbrik etmiş, ona daha böyük uğurlar arzulamışdır. O, türk dünyasında əlaqələrin daha da dərinləşdirilməsi vacibliyinə toxunmuş, türkdilli xalqları əhatə edən belə tədbirlərin müntəzəm keçirilməsini arzulamışdır.
Yazıçı Anar müstəqillik illərində türkdilli xalqlar arasında əməkdaşlığın inkişafından söhbət açmış, türk dünyasının birliyi, inteqrasiya məsələləri haqqında ətraflı danışmışdır. Ədib bildirmişdir ki, müxtəlif ölkələrdə, o cümlədən Qazaxıstanda yaşayan həmvətənləri bir olmalı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparmalıdırlar.
Qazax yazıçısı Nurəli Yusupov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açaraq demişdir ki, bu problem təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının problemidir. Xocalı faciəsində ermənilər ancaq Azərbaycanın oğul və qızlarını deyil, bütün türk dünyasının övladlarını təhqir etmişlər. Xocalı faciəsinə görə ermənilər cavab verməlidirlər. Mən əminəm ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapacaqdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Astanadakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Vidadi Ağayev, AMMİ Ağsaqqallar Şurasının sədri Elşən Həsənov və başqaları Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ədəbi və mədəni sahələrdə əməkdaşlığın daha da inkişafı məsələlərinə toxunmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana