MƏDƏNİYYƏT
ATİ-nin əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir
Bakı, 19 mart (AZƏRTAC). Qazaxıstanın Almatı şəhərində Macarıstanın Erasmus Mundus Milli Ofisi, Tempus Fondu, Avstriyanın Təhsil və Tədqiqatda Beynəlxalq Əməkdaşlıq Agentliyi, Slovakiyanın Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, həmçinin Qazaxıstanın Milli Erasmus + ofisinin təşkilatçılığı ilə Mərkəzi Asiya və Mərkəzi Avropa ali təhsil müəssisələrinin ilk forumu keçirilmişdir.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Erasmus Mundus regionlar arasında əməkdaşlığın gücləndirilməsi (ECCE Mundus) layihəsi çərçivəsində keçirilən mühüm tədbirdə ölkəmizi təmsil edən ali təhsil ocaqlarından biri də ATİ olmuşdur. Həmin forumda iştirakla bağlı xüsusi seçim mərhələsi keçirilmiş və bu ali təhsil ocağı layihə çərçivəsində keçiriləcək hər iki forumun iştirakçısı olmaq hüququnu qazanmışdır. Digər tədbir aprelin 7-8-də Macarıstanın Budapeşt şəhərində keçiriləcəkdir.
ATİ-nin əməkdaşı Nailə Musayeva Qazaxıstanın Almatı şəhərində keçirilmiş tədbir iştirak etmişdir. Nəzərdə tutulan tədbirlərin iş qrafikində Avstriya, Macarıstan və Slovakiyadakı ali təhsil müəssisələri ilə Mərkəzi Asiya, Şərqi Avropa və Qərbi Balkan ölkələrinin ali təhsil müəssisələri arasında birgə proqramlar və beynəlxalq mobillik sahəsində əməkdaşlığın gücləndirilməsi hədəf seçilmişdir.
İkigünlük tədbirdə Qazaxıstan Respublikasının təhsil və elm naziri, Slovakiyanın Astanadakı səfiri, Macarıstanın Almatıdakı konsul katibliyi, Avstriyanın Astanadakı səfirliyinin kommersiya müşaviri çıxış etmişlər.
Beynəlxalq tədbirdə Tempus İctimai Fondu, Erasmus + proqramı və onun tərkib hissələri kimi beynəlxalq əməkdaşlığın yeni imkanları, Erasmus + çərçivəsində layihələr üzrə növbəti çağırışlarda iştirak qaydaları və layihələrin idarə olunmasına dair iştirakçılara ətraflı məlumatlar verilmiş, geniş diskussiyalar aparılmışdır.