Avropa Azərbaycan Məktəbi: “İşıq toxumları” layihəsi tədris ilinin sonuna kimi davam edəcək
Bakı, 5 fevral, AZƏRTAC
Avropa Azərbaycan Məktəbinin Təhsil Nazirliyinin dəstəyi ilə ötən ilin dekabrından reallaşdırdığı “İşıq toxumları” layihəsinin ikinci ayı başa çatıb.
Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Məktəbindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi müharibə zamanı ən çox zərər görmüş Bərdə və Ağdam şəhərlərində təhsil alan şagirdlərə ödənişsiz təhsil vermək, həmçinin bu məktəblərdə müəllimlərə tədris sahəsində hər cür dəstək göstərməkdir. Avropa Azərbaycan Məktəbinin müəllimləri könüllü olaraq, burada yerləşən məktəb şagirdlərinə dərslər keçir, həmçinin buradakı müəllimlərlə birlikdə işləyib peşəkar inkişafı təmin etməyə və təhsil strategiyalarını bölüşməyə çalışırlar. Hazırda dərslərdə 350 şagird iştirak edir və tədrisə qoşulan şagirdlərin sayı getdikcə daha da artır. Bərdə və Ağdam müəllimləri ilə görüş zamanı hər iki bölgənin təəssüratlarının çox böyük olduğu məlum oldu.
Ağdam rayon 149 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Aslanova:
“Avropa Azərbaycan Məktəbi və Ağdam Rayon Təhsil Şöbəsinin birgə layihəsi olan “İşıq toxumları” layihəsi gələcəyimiz olan şagirdlərimizin həyatına, təhsilinə, seçəcəkləri ixtisas yönümünün dəqiqləşdirilməsinə yeni bir töhfə olacağına əminəm. Bu layihədəki faydamız tələbələrimizin özünə inamını artırmaq və Avropa Azərbaycan Məktəbinin müəllimlərinin bizimlə bölüşdüyü potensial strategiyaları araşdırmaq oldu”.
“Tarix dərsi ingilis dilində idi, başa düşdüm və bütün sualları cavablandırdım”,- deyə VIII sinif şagirdi Cavad layihə haqqında fikirlərini bildirib.
Həmin sinfin şagirdi Reyhanın “Digər məktəbin şagirdləri ilə birlikdə təqdimat hazırladım. Fəal şagird kimi özümü göstərdim” deməsi özünəinamının nə qədər artdığına işarədir.
Riyaziyyat fənni üzrə dərslərdə iştirak edən VI sinif şagirdimiz Ayselin “Avropa Azərbaycan Məktəbinin riyaziyyat müəllimi tərəfindən müsbət və mənfi rəqəmlər mövzusunu çox yaxşı başa düşdüm” deməsi, tələbələrimizin bu layihədəki uğurlarının nümunəsidir və Avropa Azərbaycan Məktəbinin proqramında istifadə olunan köçürülə bilən bacarıqların sübutudur.
Məktəbin IX sinif şagirdi Xədicə isə Azərbaycan dili müəllimini çox sevdiyini, dərslərinə maraqla qatıldığını söyləyir:
“Əminliklə deyə bilərəm ki, bu layihə fənlərarası inteqrasiyanı və müxtəlif fənlər arasında ötürülə bilən bacarıqların istifadəsini ən gözəl şəkildə büruzə verdi. İxtisasım Azərbaycan dili və ədəbiyyatı olduğu üçün Avropa Azərbaycan Məktəbinin dil və ədəbiyyat müəllimləri ilə görüşməyim çox xoş oldu. Onlarla konstruktiv bir dialoq qurduq və diqqətimizi mövzunun tədrisinə, bacarıqların inkişafına yönəltdik və misilsiz bir vəziyyətdə şagirdləri təhsilə cəlb etməyin yollarını müzakirə etdik”.
Bərdə şəhər 8 nömrəli məktəbin riyaziyyat müəllimi İfadə Həmidova: “Az bir müddətdə Avropa Azərbaycan məktəbində tədris və təhsilin yüksək səviyyəsi və peşəkarlığının, əhatə olunan mövzulara fərqli yanaşmanın şahidi oldum. Təlimatların əsas dili kimi ingilis dilindən istifadə və mövzunun maraqlı slaydlarla təqdim olunması tələbələr arasında daha çox maraq yaratdı. Hər dəfə şagirdlərimiz növbəti dərsi səbirsizliklə gözləyirlər. Öz dərslərimdə Avropa Azərbaycan Məktəbinin müəllimləri ilə birlikdə öyrəndiyim yenilikləri təqdim edirəm. Bu halda, əhatə olunan mövzunun daha təsirli və diqqətəlayiq olduğunu görürəm. Mən belə bir layihədə iştirakımıza görə Avropa Azərbaycan Məktəbinin kollektivinə minnətdarlığımı bildirirəm. Belə təlimlərin davamlı olmasını istəyirəm”.
“İşıq toxumları'” layihəsi tədris ilinin sonuna kimi davam edəcək.