Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində İsmayıllı və Lənkəranda seminarlar keçiriləcəkdir
Bakı, 29 avqust (AZƏRTAC). Sentyabrın 10-dən 12-dək Avropa İttifaqının (Aİ) “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində İsmayıllı rayonunda və Lənkəran şəhərində “Regional və yerli turizmin planlaşdırılması və idarə olunması” mövzusunda seminarların təşkil olunması planlaşdırılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarlar ÜD layihə rəhbəri Florian Zengstşmid, daimi Tvinniq müşaviri Daiva Kirkilaite-Çetkuti və layihənin birinci komponentinin rəhbəri Ferdinand Posnikin rəhbərliyi altında keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyi nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirlərin əsas məqsədi seminar iştirakçılarının diqqətinə (icra hakimiyyəti, bələdiyyə, mehmanxana, turizm informasiya mərkəzləri, rayon mədəniyyət və turizm şöbələri) “Azərbaycanda turizm məkanlarının idarə olunması” mövzusunda ilkin nəzəri biliklərin çatdırılmasıdır. Həmçinin, ÜD layihə rəhbəri tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər bu kimi mövzulara dair məlumat veriləcəkdir. Əlavə olaraq iştirakçılar arasında yaranan sualların müzakirəsi üçün seminarların sonunda ayrıca vaxt nəzərdə tutulmuşdur.
Ətraflı məlumatı aşağıdakı ünvanlardan əldə etmək olar: Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi, Aİ Tvinninq layihəsinin ofisi: Neftçilər prospekti 65, AZ1000 Bakı, Azərbaycan. Tel.: +994 12 437 11 80 E-mail: [email protected] Rəsmi səhifə: www.tourism-twinning.eu