Aynurə Əhmədova: Məqsədimiz vətəndaşların tibb müəssisələrində icbari tibbi sığortadan istifadə prosesini asanlaşdırmaqdır
Bakı, 5 aprel, AZƏRTAC
Məqsədimiz vətəndaşların tibb müəssisələrində icbari tibbi sığortadan istifadə prosesini asanlaşdırmaq, xidmətləri əlçatan etmək və tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Agentliyin media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı deyib.
A.Əhmədova bildirib ki, aparılan monitorinqlər əhalinin maneəsiz şəkildə sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə vətəndaş məmnunluğunun artmasına yönəlib: “Monitorinqlər iki istiqamət üzrə aparılır: Birinci, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin qiymətləndirilməsi, ikinci, sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi”.