SİYASƏT
AZƏRBAYCAN – BİZİM QƏLBİMİZDİR...
Murmansk, 20 fevral (AZƏRTAC). Tanınmış həmvətənimiz professor Cəlal Rzayev haqqında Murmansk vilayətinin hökumət qəzeti “Vestnik”də alimin anadan olmasının 82 illiyinə həsr edilmiş “Mərhəmət fenomeni” sərlövhəli məqalə dərc edilmişdir.
...Cəlal Əhmədov həyatda çox sınaqlarla üzləşmişdir. O, 10 yaşında olanda Bakıda əvvəlcə atasını, sonra isə anasını həbs edirlər. Uşaqları isə xalası Moskvaya aparır. Cəlal burada orta məktəbi, Moris Torez adına institutu bitirdikdən sonra təyinatla Qırğızıstana göndərilir. Orada aspiranturada oxuyur, dissertasiya müdafiə edir. Alim 40 il əvvəl Murmanska gəlir və indiyədək Murmansk Dövlət Pedaqoji Universitetinin fəlsəfə və sosiologiya kafedrasında professor vəzifəsində işləyir.
Jurnalist Əlihüseyn Şükürovun “Bakını xatırlayırsınızmı?” sualına professor Rzayev belə cavab vermişdir: “Yalnız xatırlamıram, həm də həsrətindəyəm... Arzum odur ki, uşaqlarım və nəvələrim hökmən Vətənimi görsünlər, Bakının gözəlliyini seyr etsinlər.
Azərbaycan - döyünən ürəyimiz, ana vətənimizdir, Murmansk isə bizi ağuşuna alan və xoşbəxtliyimizə qovuşduran bir şəhərdir...”
Professor deyir: “Şadam ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın hər guşəsinin yeni görkəm aldığını, xalqın maraqlarını layiqincə qoruyaraq, Qarabağ həqiqətlərini dünyaya çatdırdığını mətbuat və televiziya vasitəsilə izləyirəm”.