Azərbaycan Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən keçirilən xeyriyyə tədbirində təmsil olunmuşdur
Buxarest, 8 dekabr (AZƏRTAC). Dekabrın 8-də Rumıniyanın Buxarest şəhərindəki “Romexpo” sərgi kompleksində Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) təşkilatçılığı ilə “Qış Xeyriyyə Bazarı-2013” adlı tədbir keçirilmişdir. Sərgi və konsertdən ibarət olan xeyriyyə tədbirindən əldə olunan gəlir uşaq evlərinə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaqdır. Rumıniyanın birinci xanımı Mariya Baseskunun da qatıldığı və ənənə halını almış bu tədbirdə dünyanın 35 ölkəsi, 9 qeyri-hökumət təşkilatı və bir çox KİV nümayəndələri iştirak etmişlər. Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə ölkəmizi həmin tədbirdə Beynəlxalq Qadınlar Assosiasiyasının Azərbaycan üzrə əlaqələndiricisi və Assosiasiyanın aylıq jurnalının redaktoru Mənzər Hüseynli təmsil etmişdir.
Ölkəmizin tarixi abidələrini, milli mədəni irsini, qədim adət-ənənələrini, folklor və ədəbiyyatını özündə əks etdirən Azərbaycan guşəsi sərgi iştirakçılarının marağına səbəb olmuşdur. İştirakçılar milli mətbəximizin nümunələrindən və şirniyyatlarından da dadmışlar.
“Qış Xeyriyyə Bazarı-2013” sərgisi Rumıniya KİV-də geniş şəkildə işıqlandırılmışdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest