AZƏRBAYCAN-DONETSK: ƏMƏKDAŞLIĞINPERSPEKTİVLƏRİ
S.Derqunov vilayətin dinamik inkişafından danışaraq, ölkənin bu iri sənaye regionunun Azərbaycanla fəal əməkdaşlıq etmək istədiyini, Donbasın əcnəbi sərmayədarlar üçün cəlbedici olduğunu vurğulamışdır.
T.Əliyev bildirmişdir ki, son illər Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. O, ölkəmizlə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi barədə Donetsk vilayəti rəhbərliyinin ideyasını dəstəkləmiş, burada, məsələn, Azərbaycan iqtisadiyyatı günləri keçirilməsini, biznes qurumları təmsilçilərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını təklif etmişdir.
Donetsk merinin birinci müavini Nikolay Volkovla görüşdə Azərbaycan diplomatına bələdiyyələrin işi və şəhərsalma praktikası, uğurlu ekoloji proqramı sayəsində YUNESKO-nun qərarı ilə ən yaxşı sənaye şəhərlərindən biri sayılmış Donetskin inkişaf perspektivləri barədə məlumat verilmişdir.
Görüşdə Donetsk ilə Azərbaycanın iri sənaye şəhərlərindən biri arasında qardaşlıq əlaqələri yaradılması barədə yekdil fikir səslənmişdir.
Axşam M.Qorki adına Mədəniyyət evində Səməd Vurğunun 100 illiyi münasibətilə Ukrayna dilində nəşr edilmiş ikicildlik “Azərbaycan poeziyası antologiyası”nın təqdimat mərasimi keçirilmişdir.
Səfir Tələt Əliyev həmvətənlərimizi qarşıdakı Dünya azərbaycanlılarının həmrəyliyi günü - dahi Heydər Əliyevin müdrikliyi, millətə məhəbbəti və xoş məramı ilə əsası qoyulmuş bayram münasibətilə təbrik etmişdir. O, Donetsk vilayətindəki diasporumuzu müstəqil Azərbaycanın tərəqqisi naminə daha sıx birləşməyə çağırmışdır.
Şair-tərcüməçi, antologiyanın tərtibçisi Nikolay Miroşniçenko, Ukrayna Azərbaycanlıları Konqresi Donetsk regional təşkilatının fəxri sədri Manaf İsgəndərov, bu təşkilatın sədri Etibar Orucov, Donetsk Dövlət Universitetinin kafedra müdiri Fərman Gülməmmədov, “Donbass Sənaye İttifaqı” transmilli korporasiyasının idarə rəisi Möhlət Hüseynov və başqaları sarsılmaz Azərbaycan-Ukrayna dostluğundan, Azərbaycan poeziyasının ən yaxşı nümunələrinin toplandığı antologiyanın nəşr edilməsinin əhəmiyyətindən danışmışlar.