SİYASƏT
Azərbaycan əsilli Avstriya vətəndaşı “İlin mülki xidmətçisi” seçilmişdir
Vyana, 19 dekabr (AZƏRTAC). Avstriyada hər il ənənəvi olaraq mülki xidmət (hərbi xidmətə alternativ mükəlləfiyyət) sahəsində fərqlənən gənclərin təltif olunması mərasimi keçirilir. Federal Daxili İşlər Nazirliyinin xüsusi komissiyası Avstriyanın doqquz əyaləti üzrə sosial müdafiə, qaçqınlara xidmət və tibbi yardım qurumlarının təqdim etdiyi namizədlər arasından mülki xidmət dövründə xüsusilə fərqlənən gənclər arasında seçim edir. Sevindirici haldır ki, bu dəfəki qaliblərin sırasında Azərbaycan əsilli Avstriya vətəndaşı Cavid Hüseynov da vardır.
2013-cü ilin yekunları üzrə keçirilmiş təltifetmə mərasimində çıxış edən federal daxili işlər naziri Yohanna Mikl-Laytner ölkənin sosial müdafiə, tibbi yardım, məcburi köçkün və digər aztəminatlı qruplara xidmət sektorunda gənclərə daim ehtiyac duyulduğunu bildirmiş, onların xidmətini yüksək dəyərləndirmişdir.
Nazirliyin inteqrasiya idarəsinin rəhbəri Ştefan Ştayner təqdimat zamanı bildirmişdir ki, “Samaritlər İttifaqı” sosial yardım təşkilatının qaçqınlar üçün müvəqqəti sığınacağında 2013-cü ilin yanvar-oktyabr aylarında mülki xidmətdə olmuş Cavid Hüseynovun işi həm sığınacağın sakinləri, həm də qurumun əməkdaşları tərəfindən müsbət xarakterizə edilmişdir. C.Hüseynov müvəqqəti sığınacaqdakı ailələrə yaxından kömək göstərdiyinə, sosial problemlərin həlli zamanı düzgün qərarlar verdiyinə, eyni zamanda tərcüməçi kimi əvəzsiz xidmətinə və bununla qaçqınların yerli mühitə daha tez uyğunlaşmasına yardım etdiyinə görə, inteqrasiya üzrə ilin ən yaxşı mülki xidmətçisi adına layiq görülmüşdür. Vurğulanmışdır ki, xidmət müddəti bitdikdən sonra C.Hüseynovun həmin sığınacaqda peşə fəaliyyətinə başlaması, eləcə də onun kimi digər gənclərin sosial xidmət sektoruna üz tutması Avstriyanın sosial müdafiə sistemi üçün böyük uğurdur.
Yekunda qaliblərə sertifikatlar verilmiş və xatirə şəkli çəkdirilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana