Azərbaycan-Özbəkistan əlaqələri təkcə iki dövlət üçün deyil, ümumilikdə region üçün əhəmiyyətlidir - Ekspert
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan xalqları arasında əlaqələr ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənir. Bu əlaqələr Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq inkişaf etdirilir. İndi Azərbaycan ilə Özbəkistan arasında milli-mənəvi bağlar Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər platformalarda daha da möhkəmləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, bugünkü Azərbaycan-Özbəkistan münasibətləri təkcə milli-mənəvi, mədəni bağları ehtiva etmir. Mövcud münasibətlər modern trendlərə uyğun olaraq özündə həm də iqtisadi-siyasi çalarlar daşıyır. Əlaqələr iki dövlətin strateji müttəfiqliyi müstəvisinə qaldırılaraq, hər iki tərəfə fayda gətirir. Prezident İlham Əliyevin Daşkəndə dövlət səfərinin proqramına Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, çoxşaxəli əlaqələrin genişləndirilməsi kimi məsələlər daxildir. Hər iki dövlətin rəhbəri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsini prioritet mövzulardan sayırlar.
“Dövlət başçılarının imzaladıqları müqavilələr, bu müqavilələr əsasında hazırlanmış proqramlar artıq effekt verir. Statistik məlumatlara görə, 2023-cü ildə Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 180 milyon ABŞ dolları civarında olub. Ötən illərlə müqayisədə 28 faiz artım qeydə alınıb. Növbəti illər üçün iqtisadi mübadilələrdə artım tendensiyasının davam etdirilməsi üçün planlar qurulur. Təhlillər göstərir ki, iki ölkə arasında ticari dövriyyəni yaxın illər ərzində 1 milyard dollara qədər artırmaq üçün potensial mövcuddur, indi bu potensialı reallaşdırmaq yönündə işlər aparılır. Bu gün Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Qarşılıqlı investisiya əməliyyatları hər iki ölkə üçün faydalılıq əmsalına söykənir.
Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır”, - deyə ekspert vurğulayıb.