AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ PLENAR İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 2-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının 30-cu ümumi və Assambleya Şurasının iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov aprelin 1-də keçirdiyi mətbuat konfransında bildirmişdir ki, parlament nümayəndə heyətinin tərkibinə regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputat Ülvü Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
A.Nəsirov demişdir ki, səfər çərçivəsində Oqtay Əsədovun MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşləri də gözlənilir. Oqtay Əsədovun Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç, ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironov, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov, Ukrayna Ali Radasının sədri Arseni Yatsenyuk, Moldova parlamentinin sədri Marian Lupu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulmuşdur.
MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında təşkilati məsələlərə baxılacaq, ötən müddətdə bu təşkilat çərçivəsində həyata keçirilən ayrı-ayrı tədbirlərə yekun vurulacaq, görülən işlərin nəticələri və MDB-yə üzv olan ölkələrdəki seçkilərdə Parlament Assambleyasının nümayəndələrinin iştirakı və digər məsələlər müzakirə olunacaqdır. Assambleyanın 30-cu plenar iclasında isə bir sıra model qanunlar müzakirə ediləcəkdir.
A.Nəsirov onu da bildirmişdir ki, səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun və Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Sergey Mironovun iştirakı ilə Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Səfər aprelin 4-də başa çatacaqdır.