AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCUSTANIN TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ GELA BEJUAŞVİLİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin günü-gündən genişləndiyini, möhkəmləndiyini nəzərə çarpdırdı və bunun regionda sülhün, sabitliyin təmin olunması işinə xidmət etdiyini bildirdi.
İki ölkənin dövlət başçıları arasında mütəmadi olaraq görüşlər keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev Gürcüstana rəsmi səfərini məmnunluqla xatırladı, orada keçirdiyi görüşlərin, apardığı danışıqların əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.
Vaxt tapıb onu qəbul etdiyinə və səmimi sözlərə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən cənab Gela Bejuaşvili Gürcüstan Prezidenti Mixail Saakaşvilinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimiz arasında əlaqələrin xalqlarımızın mənafeyinə uyğun olaraq gündən-günə genişlənməsindən məmnunluqla bəhs etdi.
Prezident İlham Əliyev Prezident Mixail Saakaşvilinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını Gürcüstan rəhbərinə çatdırmağı xahiş etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov və Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze qəbulda iştirak edirdilər.