AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli cənab Prezident,
hörmətli qonaqlar,
xanımlar və cənablar!
İlk növbədə, mən cənab Prezidentə “Azərbaycana xoş gəlmisiniz!” demək istəyirəm. Cənab Prezident, Sizə və nümayəndə heyətinə ölkəmizdə xoş səfər arzulayıram.
Biz bu gün apardığımız müzakirələri yüksək dəyərləndiririk. Sizi qəbul etməkdən çox şadıq. Bu, ölkələrimiz arasında olan münasibətlərin tarixində Estoniya Prezidentinin ilk səfəridir. Əminəm ki, səfər çox uğurlu olacaqdır. Bu gün qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı. Ölkələrimiz arasında ikitərəfli əlaqələr də çox uğurla inkişaf edir. Bizim yaxşı siyasi münasibətlərimiz mövcuddur. Siyasi dialoqumuz get-gedə güclənir.
Bu gün imzalanmış Birgə Bəyannamə ikitərəfli münasibətlərə, regional vəziyyətə və bizi bir-birimizə bağlayan bir çox məsələlərə dair fikirlərimizi və ideyalarımızı əks etdirir. Biz Estoniyanın Bəyannamədə əks olunmuş mövqeyinə görə çox minnətdarıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, həmin sənəddə bildirilir ki, məsələ ərazi bütövlüyü prinsipi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları əsasında həll olunmalıdır.
Ümid edirik ki, bu yanaşma münaqişənin həllinə aparacaq və Ermənistanın təcavüzü və etnik təmizləməsindən əziyyət çəkmiş yüz minlərlə azərbaycanlı öz yurdlarına qayıtmaq imkanını əldə edəcəkdir. Bu gün, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli apardığımız müzakirələrin mövzularından biri idi. Ümidvarıq ki, gələn aylar ərzində biz həmin prosesin inkişafını görəcəyik. Azərbaycanın mövqeyi yalnız və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanır və bu, münaqişənin həllinə aparan yeganə yoldur.
Təbii ki, mövcud olan ikitərəfli münasibətlər biznes əlaqələrinin inkişafına geniş imkanlar açır. Bu gün Estoniya və Azərbaycanın biznes dairələri birgə forum keçirəcəklər. Hesab edirəm ki, bu tədbir iqtisadi əlaqələrin inkişafı yolunda yaxşı bir addım olacaqdır. Müxtəlif sahələrdə iqtisadi imkanları nəzərdən keçirmək imkanına malik olacağıq və həmin münasibətlərin daha da inkişaf etdirilməsi üçün nəyin vacib olduğunu müzakirə edəcəyik.
Regional vəziyyət və təhlükəsizlik, o cümlədən enerji siyasəti müzakirə edildi. Nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaqdır. Biz ölkəmizdə bütün əsas məqsədlərimizə artıq nail olmuşuq. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm ki, gələcəkdə Azərbaycan ilə Avropa istehlakçıları arasında münasibətlər uğurla inkişaf edəcəkdir.
Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirmişdir. Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər.
Beləliklə, regionumuzda Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri kimi layihələr enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaratmışdır. Şaxələndirmə hamı üçün, yəni həm istehsalçılar, həm də istehlakçılar üçün olmalıdır. Əlbəttə ki, tranzit ölkələr mühüm rol oynamalı və coğrafi yerləşmədən yararlanmalıdır. Hər gün xəbərlərdə izlədiyimiz son hadisələri nəzərə alsaq görürük ki, hazırda bütün bu kimi məsələlərin əhəmiyyəti daha da artır. Buna görə də gələcəkdə enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməlidir. O, millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir.
Ötən ilin noyabr ayında Bakıda keçirilmiş mühüm Enerji Sammiti, onun qərarları və Bəyannaməsi gündəliyimizi açıq şəkildə nümayiş etdirir. Azərbaycan enerji təchizatının şaxələndirilməsində oynadığı konstruktiv rolu davam etdirəcəkdir. Tərəfdaşlarımız əmin ola bilər ki, etibarlı tərəfdaş və dost kimi Azərbaycan öz mühüm rolunu gələcəkdə də davam etdirəcəkdir.
Mən bir daha Estoniya Prezidentinin səfərinin nəticələrindən çox məmnun olduğumu bildirmək istəyirəm və dəvətimizi qəbul etdiyinə görə ona minnətdaram. Ümid edirəm ki, münasibətlərimiz gələcəkdə uğurla davam edəcəkdir.