AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FRANSA PREZİDENTİ JAK ŞİRAKIN TƏKBƏTƏK GÖRÜŞÜ
Səmimilik şəraitində keçən görüşdə siyasi, iqtisadi və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin sürətlə inkişaf etməsi vurğulandı. Prezident Jak Şirak ölkələrimiz arasında əlaqələrin əla səviyyədə olduğunu bildirdi. Cənab Jak Şirak Fransanın xarici ticarət sahəsində Azərbaycanın üçüncü tərəfdaşı olmasını çox yaxşı göstərici kimi səciyyələndirdi.
Söhbət zamanı Azərbaycanın Avropa Birliyinə inteqrasiyası ilə bağlı məsələlərə də toxunuldu, ölkəmizin bu qurumun yeni qonşuluq siyasətinə fəal surətdə qoşulması və bunun perspektivləri geniş müzakirə olundu. Fransa Prezidenti gələcəkdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının daha da genişlənəcəyinə ümidvar olduğunu və bunun zəruriliyini vurğuladı.
Görüşdə regional problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə geniş yer verildi. Fransa tərəfi münaqişənin aradan qaldırılması üçün sülh danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını bundan sonra da həyata keçirəcəyini bildirdi.
Dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri, beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi apardılar.
Görüş başa çatdıqdan sonra Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi hörmət və ehtiramla Yelisey sarayının qarşısında avtomobilin yanınadək mehribanlıqla yola saldı.