Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın üzvləri ilə ilk iclas keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri ilə ilk iclas keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, seçki komissiyasının sədri Samir Poladov İctimai Şura üzvlərini təbrik edib və gələcək birgə fəaliyyətdə hər birinə uğurlar arzulayıb.
ANAMA yanında İctimai Şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunub. Səsvermə nəticəsində Umud Mirzəyev sədr, Emil Həsənov sədr müavini və Hafiz Səfixanov isə katib seçiliblər.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.
Şuranın üzvləri ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri, mina təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi və beynəlxalq təşkilatların cəlb olunması, maarifləndirmə istiqamətində mətbuat konfranslarının daha geniş miqyasda keçirilməsi, eləcə də minadan zərərçəkənlərə yardım proqramı ilə bağlı müzakirələr aparılıb.
İctimai Şuranın üzvləri ANAMA-nın fəaliyyət sahələrində yaxından iştirak edəcəklərini, mina təhlükəsi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər.
Şuranın fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsinə ANAMA-nın rəhbərliyi tərəfindən zəruri dəstək veriləcək.