Azərbaycan-Türkiyə münasibətlərində media sahəsində əməkdaşlıq önəmli yer tutur
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin ölkəmizə səfərinin yekunları ilə əlaqədar görüş keçirilib. Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, media sahəsində əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində önəmli yeri tutur. Hər iki ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərləri artıq ənənə halını alıb. Bu səfərlər nəticəsində xalqlarımız bir-birinə daha da yaxınlaşıb. Çünki media birləşdirici alim rolunu oynayır. Onun ortaq problemlərimizə reaksiya tərzi də günün tələbləri səviyyəsində qurulmalıdır. Bu səfər nəticəsində türkiyəli həmkarlarımızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq.
Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü və qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mühüm tribuna kimi dəyərləndirib. O, Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərin hazırlayacaqları materialların mühüm əhəmiyyət daşıyacağına inandığını vurğulayıb.
Türkiyə Qəzetçilər Federasiyasının təmsilçiləri Yılmaz Karaca, İbrahim Erdoğan və başqaları Azərbaycana səfərin məhsuldar keçdiyini söyləyərək, ölkəmizin sürətli inkişafından məmnunluqlarını bildiriblər.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı media sahəsindəki əməkdaşlığın müxtəlif aspektlərindən söz açıblar.
Görüşdə Türkiyənin media nümayəndələrinə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib. Həmçinin qonaqlara səfər təəssüratlarını əks etdirən foto və video görüntülər, “erməni soyqırımı”nın qondarma mahiyyətini sübut edən materiallar təqdim olunub.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində böyük dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepek də olub. O.Mayatepek Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsindəki xidmətlərinə görə təltif edilib.
Xatırladaq ki, ki, Türkiyə media nümayəndələrinin ölkəmizə səfəri MŞ-nin beynəlxalq münasibətlər komissiyasının xəttilə reallaşdırılıb. Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətində aparılan fəaliyyətə dəstək verməkə, o cümlədən birinci Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etmək, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarət olub.
Səfər çərçivəsində qonaqlar bir sıra görüşlər keçirib, Heydər Əliyev Mərkəzində, birinci Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində olub, müxtəlif mövzularda müzakirələrə qatılıb, teleproqramlarda iştirak ediblər. Nümayəndə heyətinə qardaş ölkənin “Sabah”, “Posta”, “Hürriyyət” qəzetlərinin, Fox, NTV, ATV, Kanal A, CNN türk və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxsləri daxil olub.