Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xatirəsini hər zaman minnətdarlıqla anacaq
Aşqabad, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Həsən Zeynalov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətləri, mübariz xarakteri, siyasi uzaqgörənliyi, vətənsevərliyi, milli təəssübkeşliyi haqqında danışıb. Səfir hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin xidmətləri sayəsində Bakının milliləşdirilməsindən, gənc azərbaycanlı kadrların iş və mənzillə təmin edilmələrindən, vəzifədə irəli çəkilmələrindən, İttifaqın ən yaxşı universitetlərində təhsil almağa göndərilmələrindən söhbət açıb. Müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən diplomat onun həyatının hər bir mərhələsinin ətraflı öyrənilməsinin və gənclərə çatdırılmasının vacibliyini qeyd edib. Həsən Zeynalov bunun gənc nəsillərin Azərbaycanın yeni tarixinin dərindən öyrənilməsi, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini, Ümummilli Liderin zəkası və fədakarlığı ilə bu təhlükələrdən necə xilas olduğunu bilməsi, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi nöqteyi-nəzərdən vacibliyini vurğulayıb.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən, onun fenomenal insani xüsusiyyətləri haqqında danışan diplomat Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi vaxt və Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onunla olan təmaslarının həyatının ən yaddaqalan xatirələri olduğunu diqqətə çatdırıb. Səfir Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını, onun hər zaman minnətdarlıqla anılacağını bildirib.
Daha sonra tədbirin digər iştirakçıları çıxış edərək Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyindəki əvəzsiz rolundan danışıblar. Onlar hələ sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin müttəfiq respublikaların ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsinin, mühüm vəzifələrə təyinat alıb işləmələrinin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildiriblər. Azərbaycanlıların bir çoxunun keçmiş İttifaqda məhz Heydər Əliyevin atdığı addımlar nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları vurğulanıb.
Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderin həyatından bəhs edən bədii-sənədli filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad