Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
Ağcabədi, 5 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Ağcabədi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Dahilər dahisi çağırılır adın” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin, Laçın rayon 23 nömrəli tam orta məktəbin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və Ağcabədi Pedaqoji Kollecinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli ömür yolundan, dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu əbədi müstəqilliyə qovuşdurub. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Sədaqət Məhərəmova çıxışlarında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, zəngin dövlətçilik irsindən, gənclər siyasətindən bəhs ediblər.
Sonda Laçın rayon 23 nömrəli tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeir kompozisiyası təqdim ediblər. İştirakçılar dahi lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.