Azərbaycan “yavru vatanı” tanıyan ikinci ölkə olacaq - RƏY
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük Zəfərdən sonra ölkəmizin Mərkəzi Asiyadakı Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli və ikitərəfli formatda münasibətləri tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru yüksəlməyə başlayıb. Şimali Kipr Türk Respublikası (KKTC) dövlət müstəqilliyini 1983-cü ildə elan etsə də, 2020-ci ilədək Azərbaycanla münasibətləri qeyri-rəsmi xarakter daşıyırdı və aşağı səviyyədə idi. Həmin dövrdə torpaqlarımızın işğal altında olması Yunanıstana, eləcə də bir sıra digər dövlətlərə Xankəndidəki separatçı hərbi xunta rejimindən bizim KKTC-ni tanımağımızın qarşılığı kimi istifadə etmək fürsəti verirdi. Azərbaycanın separatizmə birdəfəlik son qoyması, regionda yeni siyasi şərait yaratması bu mövzuda ehtiyatlı davranmağımıza ehtiyacı aradan qaldırdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud söyləyib.
Analitik bildirib ki, Qarabağ Zəfərindən sonra Azərbaycan Şimali Kipr Türk Respublikası ilə münasibətlərinin rəsmi səviyyəyə yüksəldilməsi, ikitərəfli və çoxtərəfli formatlarda bütün sahələr üzrə inkişaf etdirilməsi üçün konkret addımlar atmağa başladı. Türkiyə və Azərbaycanın təşəbbüsü, birgə dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının 2022-ci ilin noyabrın 11-də Səmərqənd şəhərində keçirilən IX Zirvə görüşündə bu təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsi, Ordumuzun Xankəndi və ətraf ərazilərdə həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra - 2023-cü ilin oktyabrında Şimali Kipr Prezidenti Ersin Tatarın Bakıya səfərinin təşkili, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, ötən il ölkəmizdə bu respublikanın mədəniyyət günlərinin keçirilməsi buna sübutdur. Bu münasibətlərin daha bir nümunəsi isə Prezident İlham Əliyevin Ersin Tatarı TDT-nin bu il ölkəmizdə keçiriləcək qeyri-rəsmi toplantısında iştirak edəcəyini və Şimali Kiprin bayrağının Azərbaycanda təşkil olunacaq tədbirlərdə dalğalanacağını bəyan etməsidir.
“İndi isə Azərbaycan- Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına hazırlıq görülür. Artıq Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub. Qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Münasibətlərin inkişafının parlamentlər platformasında da davam etdirilməsi rəsmi Bakının Şimali Kiprə, bütövlükdə Türk dövlətləri ailəsinə münasibətinin strateji xarakter daşıdığını göstərir. Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti ilə təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində ikitərəfli münasibətlərinin inkişafı üçün müsbət zəmin və sağlam əsaslar var”, - deyə E.Behbud vurğulayıb.
O qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirdiyi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirlərində qətiyyətli olduğunu bir daha göstərir.
“İnanıram ki, bu il dövlətimizin Şimali Kipr Türk Respublikası ilə münasibətləri daha da inkişaf edəcək və "yavru vatanı" rəsmi olaraq tanıyan ikinci dövlət məhz Azərbaycan olacaq”, - deyə o əlavə edib.