Azərbaycanda ilk dəfə “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə dissertasiya işi müdafiə olunub
Bakı, 30 iyun, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.25 Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, Dissertasiya şurasının sədri, akademik İradə Hüseynova gündəlikdə duran məsələ haqqında məlumat verib. Akademik iclasın Rəfiqə Məsməliyevanın “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda təqdim etdiyi dissertasiyanın müdafiəsinə həsr olunduğunu və bu ixtisas üzrə Azərbaycanda ilk müdafiə olduğunu bildirib.
Alim qeyd edib ki, 12 nəfərdən təşkil olunmuş Dissertasiya şurasının 2 üzvü AMEA-nın həqiqi, 8 üzvü müxbir, 2 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 1 üzvü isə dosentdir. Şuranın 3 üzvü xaricdə fəaliyyət göstərən tanınmış alimlərdir.
İradə Hüseynova dissertasiya işinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, Kembric Universitetinin professoru Qərib Mürşüdovun elmi rəhbərliyi ilə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, Q.Mürşüdovun təşkilatçılığı ilə 2012-ci ildə yaradılmış bu laboratoriya qeyd olunan istiqamət üzrə böyük nailiyyətlərə imza atıb, laboratoriyanın ilk doktorantı Rəfiqə Məsməliyeva tərəfindən dissertasiya işi hazırlanıb.
Sonra iddiaçı Rəfiqə Məsməliyeva mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib. Bildirib ki, dissertasiya işinin əsas məqsədi Atom Yerdəyişmə Parametrlərinin (AYP) paylanmasının statistik modelinin qurulması və bu modeldən istifadə edərək Zülalların Verilənlər Bankındakı (ZVB) quruluşların validasiyasını həyata keçirmək, eləcə də atomların nisbi dolğunluq qiymətlərinin analizini apararaq atom quruluş modelindəki lokal səhvləri aşkarlamaqdır. Dissertasiya işində ilk dəfə olaraq atom yerdəyişmə parametrlərinin ehtimal paylanmasının Sürüşən Tərs Qamma Paylanmasına (STQP) uyğun gəldiyi göstərilib, bu parametrlərin statistik analizinə əsaslanan, makromolekulyar quruluşların atom modellərinin validasiyasını həyata keçirən yeni metod hazırlanıb. STQP-yə Ehtimalın maksimallaşdırılması alqoritmi tətbiq edilib. Həmçinin atomların və liqandların atom yerdəyişmə parametrlərinin ətraf atomlar ilə müqayisəsinə əsaslanan “Lokal analiz” adlandırılan validasiya metodu inkişaf etdirilib və ZVB zülal quruluşlarına tətbiq olunub.
Rəsmi opponentlər - AMEA-nın müxbir üzvü Oktay Qasımov, biologiya elmləri doktorları, professorlar İradə Əliyeva və Elimxan Cəfərov öz çıxışlarında tədqiqat işinin riyazi biologiya və bioinformatika sahəsində aparılmış tamamlanmış, dolğun, əhatəli iş olduğunu bildiriblər. Əldə olunan elmi yeniliklərin orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini, göstərilən iradların əsasən tövsiyə xarakteri daşıdığını vurğulayıblar. Opponentlər dissertasiya işinin Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.
Müzakirələrdə iştirak edən Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Manafəddin Məmmədov dissertasiya işinə dair sual, təklif və tövsiyələrini diqqətə çatdırıblar. Çıxış edənlər iddiaçının yerinə yetirdiyi tədqiqat işinin aktual mövzuya həsr edildiyini, elmi-praktiki baxımdan maraq doğurduğunu və elmi yeniliyə malik olduğunu bildiriblər.
Akademik İradə Hüseynova, dissertasiya işinin elmi rəhbəri, professor Qərib Mürşüdov, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri İlham Şahmuradov, Novruz Quliyev, Ramiz Alıquliyev, Xəlil Qasımov və Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Viktor Anatolyeviç Kunax iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu bildiriblər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rəfiqə Məsməliyevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.