AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
Sorğunun keçirilməsi təşəbbüsü ilə avqust ayında tanınmış şair və ictimai xadim Musa Yaqubun rəhbərlik etdiyi “Söz azadlığının müdafiəsi” qeyri-hökumət təşkilatı çıxış edib. Adı çəkilən QHT Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvüdür. Onun irəli sürdüyü təşəbbüsü Assosiasiyaya üzv olan 8 qeyri-hökumət təşkilatı dəstəkləyib. Qeyd edək ki, tədqiqatın keçirilməsi üçün birliyə daxil olan QHT-lərin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Əsaslı sosioloji tədqiqatlar Azərbaycan üçün yenilik olduğundan bu işə xarici mütəxəssislərin cəlb olunması qərara alınıb. Assosiasiyanın bolqar mütəxəssisləri fəlsəfə doktoru Vasili Georgiyeviç İlçev və İlya Todorov - Bojinovla sıx münasibətləri mövcuddur. Bu mütəxəssislər Azərbaycan ekspertlərinə metedoloji məsələlərdə, sorğu suallarının hazırlanmasında, onun keçirilməsində və nəticələrin yekunlaşdırılmasında yaxından kömək ediblər.
Tədqiqatın metodoloji parametrləri sosioloji sorğuların keçirilməsinin müasir texnologiyalarına əsaslanır. Respondentlər sorğuya daxil olan 52 suala öz mənzillərində cavab veriblər. Sorğu bütün respublika ərazisində, mövcud 125 (124) seçki dairəsinə daxil olan 247 seçki məntəqəsində (ölkə üzrə məntəqələrin ümumi sayı 5416-dır) keçirilib. Sorğu zamanı respondentlərin yaşı (18 və daha yuxarı), yaşayış yerləri, cinsləri və digər məlumatlar nəzərə alınıb. Sorğuda ümumilikdə 1496 nəfər iştirak edib. Respondentlərin indentifikasiyası onların ötən il keçirilən prezident seçkilərində səs verdiyi seçki məntəqələri əsasında aparılıb. Tədqiqatın nəticəsinin 1 faizi 54217 seçicinin mövqeyini əks etdirir. Mümkün orta statistik səhvlər +/-2,7% təşkil edir.
Sosioloji sorğunun ən maraqlı məqamlarını sizin nəzərinizə çatdırırıq. “15 oktyabr 2003-cü il prezident seçkiləri düzgün və ədalətli keçirilibmi” sualının cavabında respondentlərin 71,6%-i seçkilərin düzgün və ədalətli keçirildiyini tam təsdiqləyir. Bundan başqa, sorğu iştirakçılarının 13,8%-i hesab edir ki, seçkilər prinsipcə düzgün və ədalətli keçirilib. Respondentlərin yalnız 10%-i hesab edir ki, seçkilər səhv və ədalətsiz olub.
Xüsusi qeyd etmək lazımdır ki, sosioloji sorğunun nəticələri demək olar ki, ötənilki seçkilərin nəticələri ilə üst-üstə düşür. Belə ki, “Ötən seçkilərdə kimə səs vermisiniz” sualına cavab olaraq İlham Əliyevin adını rəyi soruşulan bütün respondentlərin 71,41%-i çəkir. Əgər ötənilki seçkilərdə iştirak etməyən respondentləri nəzərə alsaq, bu rəqəm faktiki səs verənlərin 86,8%-ni təşkil edir. Müqayisə üçün rəyi soruşulanların 6,14%-i İsa Qəmbərin, 2,56%-i Etibar Məmmədovun, 1,82%-i Lalə Şövkətin adlarını çəkiblər.
Sosioloji sorğunun nəticələri göstərir ki, bir illik prezidentliyi dövründə əhali arasında İlham Əliyevə olan inam artıb. Bunu “Seçkilər qarşımıza gələn həftə keçirilsəydi, İlham Əliyevə səs verərdinizmi” sualına bütün respondentlərin 79,3%-i müsbət cavab verməsi nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, respondentlər həlli tələb olunan problemlər sırasına Qarabağ münaqişəsini – 85,49%, işsizliyi – 74,83%, yoxsulluğu – 42,74%, əmək haqqının az olmasını – 31,42%, qaçqınlar problemini – 26,76% aid edirlər.
Sorğu iştirakçılarının 68,81%-i tam əmindirlər ki, prezidentlik dövründə İlham Əliyev özünü sadəcə olaraq Heydər Əliyevin oğlu kimi deyil, yetkin siyasi lider kimi göstərə bilib. Rəyi soruşulanların digər bir hissəsi – 17%-i isə İlham Əliyevi həm Heydər Əliyevin oğlu, həm də yetkin lider kimi qəbul edir. Bütövlükdə götürsək respondentlərin 85,81%-i sözün tam mənasında İlham Əliyevi siyasi lider kimi qiymətləndirir.
Rəyi soruşulanların 77,54%-i Prezident İlham Əliyevi tam, 10,64%-i isə qismən etibarlı insan hesab edir. Xüsusilə qeyd edilməlidir ki, Prezidentlik institutuna və şəxsən İlham Əliyevə insanlar digər strukturlardan və siyasi liderlərdən çox inam bəsləyirlər. Belə ki, prezidentlik institutuna inam 85,9% təşkil edir. Müqayisə üçün Nazirlər Kabineti, Milli Məclis və siyasi müxalifət müvafiq olaraq 62,78%, 57,63% və 28% bal toplayıblar. Siyasi lider olaraq İlham Əliyev ən yüksək qiymət – 87,19% bal alıb. Müqayisə üçün: Ramiz Mehdiyev – 44,07%, Lalə Şövkət – 28,14%, Əli Kərimli – 20,54%, İsa Qəmbər – 16,34%, Etibar Məmmədov – 15,19%, Rəsul Quliyev – 9,69% bal toplaya biliblər.
Təxminən eyni nəticəni beşballıq şkala üzrə aparılan qiymətləndirmə də təsdiq edir. Bu şkala üzrə aparılan sorğu nəticəsində prezidentlik institutu 4,3, Nazirlər Kabineti 3,3, parlament 3,1, siyasi müxalifət isə 2,5 bal toplayıb. Siyasi lider kimi İlham Əliyev beşballıq şkala üzrə 4,4 bal toplayıb. Ona ən yaxın yerlərdə müvafiq olaraq 2,9 və 2,4 bal toplayan Ramiz Mehdiyev və Lalə Şövkət qərar tutublar.
Qeyd etmək lazımdır ki, xalq arasında prezidentə böyük inam İlham Əliyevin üzərinə əlavə məsuliyyət qoyur. Belə ki, respondentlərin 76,47%-nin fikrincə ölkənin idarə olunmasında mövcud çatışmazlıqların məsuliyyəti prezidentin üzərindədir. Bununla belə, prezidentə inam çox böyükdür və bu inamı sorğu iştirakçılarının 86,83%-nin bu gün ölkədə mövcud olan problemləri yalnız dövlət başçısının həll etmək iqtidarında olmasına əminliyi nümayiş etdirir. Müqayisə üçün, sorğu iştirakçılarının 39,95%-i və 23,50%-i hesab edir ki, ölkədəki problemləri müvafiq olaraq hökumət və parlament həll edə bilər.
Bütün yuxarıda göstərilənlər keçirilmiş fundamental sosioloji tədqiqatın kiçik bir hissəsidir. Sorğunun tam variantı ilə Assosiasiyanın üzvü olan qeyri-hökumət təşkilatlarının İnternet saytında tanış ola bilərsiniz. Həmçinin biz yaxın zamanlarda sosioloqların, politoloqların və iqtisadçıların köməyi ilə tədqiqatın nəticələrini xırdalığına qədər təhlil etmək, mövcud bir sıra meyillərin səbəblərini araşdırmaq niyyətindəyik. Bu tədqiqat yaxın zamanlarda xüsusi bülleten şəklində dərc ediləcək.
Bu tip sosioloji sorğuların keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu yolla əhalinin fikirlərini və ümidlərini, eləcə də müxtəlif sahələrdə - siyasətdə, iqtisadiyyatda, ictimai həyatda yaranmış vəziyyəti öyrənmək və təhlil etmək mümkündür. Sosioloji tədqiqatlar insanlar və hakimiyyət arasında daimi əlaqə yaradır, hökumətə əlini əhalinin nəbzi üzərində saxlamağa imkan verir. Belə tədqiqatların nəticələri ilə tanışlıq dövlət və hökumət strukturlarına düzgün qərar qəbul etməyə, siyasi liderlərə isə öz ictimai-siyasi reytinqini müəyyənləşdirməyə, onun dəyişməsi səbəblərini anlamağa kömək edir. Bütün bunları nəzərə alaraq, eləcə də ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına kömək məqsədi ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası gələcəkdə mütəmadi olaraq ən müxtəlif mövzularda bu cür sosioloji tədqiqatlar aparacaqdır.