“Azərbaycanı sev və öyrən” turist diyarşünaslıq ensiklopediyasının respublika baxış-müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 1 iyun (AZƏRTAC). İyunun 1-də Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayında Təhsil Nazirliyinin təşəbbüsü ilə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən “Azərbaycanı sev və öyrən” turist diyarşünaslıq ensiklopediyasının respublika baxış-müsabiqəsinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov çıxış edərək müsabiqənin əhəmiyyəti, uşaqların yaradıcılıq təfəkküründə onun oynadığı rol barədə danışmışdır.
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor müavini Səlimə Allahverdiyeva belə müsabiqələrin uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə imkan yaratdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, müsabiqənin məqsədi böyüməkdə olan gənc nəslə doğma diyarı sevdirmək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, tarixi abidələri və maddi mədəniyyət nümunələrini qorumaq, ekoloji tərbiyəni yaxşılaşdırmaq və təbiəti mühafizə işini gücləndirməkdir.
Müsabiqədə 43 rayon məktəblilərinin və 5 turizm diyarşünaslıq mərkəzinin dərnək üzvlərinin 7 nominasiya üzrə 450-dən çox əl işləri sərgilənmişdir. Münsiflər heyətinin ümumi rəyinə əsasən hər nominasiya üzrə üç qalib müəyyən edilmişdir.
Qaliblər Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələrlə mükafatlandırılmışlar.